Məzmuna keç

Gəncə Kommersiya Məhkəməsinin kollektivi Heydər Əliyev Mərkəzində olub –

Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə ölkə Prezidenti İlham Əliyev tərəfindən elan olunmuş 2023-cü il “Heydər Əliyev İli” çərçivəsində Gəncə Kommersiya Məhkəməsinin kollektivi fevralın 17-də Gəncə şəhərində yerləşən Heydər Əliyev Mərkəzində olub.

E-huquq.az xəbər verir ki, məhkəmənin kollektivi ilk növbədə ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad edərək, abidəsi önünə gül dəstələri qoyublar. Məhkəmənin əməkdaşları Heydər Əliyev Mərkəzində Ulu Öndərin keçdiyi zəngin həyat yolu və çoxşaxəli fəaliyyətini əks etdirən Heydər Əliyevin uşaqlıq və gənclik illəri ilə yanaşı, onun zəngin fəaliyyətinin bütün dövrləri barədə ətraflı məlumat alıblar. Öndərin həyata keçirdiyi böyük işlər, Azərbaycanın rifahı, gözəl gələcəyi naminə apardığı düşünülmüş siyasət, ölkəmizin hərtərəfli sosial-iqtisadi inkişafına yol açan layihələr, ordu quruculuğu, xarici siyasət, mədəniyyət və digər sahələrə dair maraqlı fotolar, müxtəlif sənədlər, o dövrlərə aid kitablar, qəzetlər və digər materiallar mərkəzdə geniş yer alıb. Burada ümummilli lider Heydər Əliyevin Gəncə şəhərinə müxtəlif illərdə tarixi səfərlərini əks etdirən kitablar və qəzetlər də nümayiş etdirilir.

Daha sonra məhkəmənin əməkdaşları Ulu Öndərin zəngin və çoxşaxəli irsinə həsr olunan sənədli filmi izləyiblər.

Gəncə Kommersiya Məhkəməsinin sədri Rəşad Məmmədov tədbirdə çıxış edərək tarixə böyük şəxsiyyət, müstəqil Azərbaycan dövlətinin qurucusu və görkəmli siyasətçi kimi daxil olan Heydər Əliyevin insan və vətəndaş hüquq və azadlıqlarının təminatlı müdafiəsində məhkəmə hakimiyyətinin rolunu artırmaq üçün apardığı islahatlardan danışıb. Məhkəmənin hakimləri ulu öndər Heydər Əliyevin amallarının xalqın gündəlik fəaliyyətində və düşüncəsində yaşadığını bildirərək bu amalların xalqımızı tərəqqi zirvəsinə doğru inamla aparan, dahi rəhbərimizin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla gerçəkləşdirildiyini vurğulayıb.