Bu gün Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında Bakı Apellyasiya Məhkəməsinin hakimi Səadət İnayət qızı Bəktaşinin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi ilə bağlı məsələ müzakirə olunub.
E-huquq.az-ın məlumatına görə, Milli Məclis sədrinin birinci müavini, komitənin sədri Əli Hüseynli iclasda Səadət Bəktaşinin məhkəmə sistemində fəaliyyəti barədə ətraflı məlumat verib. Onun öz peşəsinə məsuliyyətlə yanaşdığını, icra etdiyi vəzifələrin öhdəsindən layiqincə gəldiyini qeyd edib.
Ə.Hüseynli Naxçıvanda həyata keçirilən islahatların həm də məhkəmə-hüquq sistemini əhatə etdiyini söyləyərək, bu baxımdan S.Bəktaşinin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsinə təyin olunduqda, öz təcrübəsindən istifadə edərək bu islahatlara öz töhfəsini verəcəyini deyib.
Komitə üzvləri Tahir Kərimli, Sabir Hacıyev, iclasda iştirak edən Məhkəmə-Hüquq Şurası Aparatının rəhbəri Cavid Hüseynov Bakı Apellyasiya Məhkəməsinin hakimi Səadət Bəktaşinin hazırki fəaliyyətini və yeni təyinatını təqdirəlayiq hesab ediblər.
