Məzmuna keç

Ramiz Rzayev: “Ali Məhkəmə gələcək hüquqşünasların tədris proqramlarına fəal dəstək verməyə hazırdır”

"Ali Məhkəmə ilə Bakı Dövlət Universiteti arasında uzun illərdir ki, əməkdaşlıq əlaqələri mövcuddur. Universitetin Hüquq fakültəsində təhsil alan tələbələr hər il Ali Məhkəmədə, eləcə də digər məhkəmələrdə təcrübə proqramlarında iştirak edirlər".

E-huquq.az-ın məlumatına görə, bu sözləri Ali Məhkəmənin sədri Ramiz Rzayev BDU ilə Əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması mərasimində çıxış edərkən deyib.

Onun sözlərinə görə, memorandumun imzalanmasında məqsəd mövcud əlaqələrin daha da genişləndirilməsinə və inkişaf etdirilməsinə nail olmaqdır.

"Bu memorandum həm Ali Məhkəmə, həm də Bakı Dövlət Universiteti üçün faydalı olacaq. Memorandumda bir sıra mühüm layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Əsas istiqamətlərdən biri Ali Məhkəmənin Bakı Dövlət Universitetində hüquq sahəsi üzrə yüksək ixtisaslı kadrların hazırlanmasına dəstək göstərməkdir. Gələcəkdə birgə elmi konfransların, dəyirmi masaların, görüşlərin keçirilməsi nəzəri və təcrübi biliklərin artırılmasına töhfə verəcək. İndi könüllülərin fəaliyyətinə xüsusi önəm verilir. Hesab edirəm ki, tələbələrin Ali Məhkəmənin aparatında könüllü qismində təcrübə keçmək imkanlarının genişləndirilməsi əhəmiyyətli olacaq. Fikrimizcə, hüququn aliliyi və məhkəmələrə etimadın təmin edilməsi hüquq təhsili ilə sıx bağlı bir məsələdir. Universitetlərdə əsas hüquq prinsipləri və məhkəmə fəaliyyəti haqqında proqramların tədris olunması, ümumən məhkəmə sistemi haqqında dürüst məlumatların cəmiyyətə ötürülməsini təmin etməklə yanaşı, həm də məhkəmə fəaliyyəti haqqında yanlış məlumatların formalaşmasının qarşısını alır. Bu baxımdan Ali Məhkəmə hüquq fakültələri ilə sıx əməkdaşlıq qurmağa və gələcək hüquqşünasların tədris proqramlarına fəal dəstək verməyə hazırdır", – deyə sədr bildirib.

Eltac Nurullazadə