Məzmuna keç

Ali Məhkəmə ilə BDU arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalandı –

Fevralın 22-də Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə Bakı Dövlət Universiteti (BDU) arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib.

E-huquq.az-ın məlumatına görə, tədbirdə çıxış edən Ali Məhkəmənin sədri Ramiz Rzayev bildirib ki, memorandumun imzalanmasında məqsəd Ali Məhkəmə ilə BDU arasında mövcud əlaqələrin daha da genişləndirilməsinə və inkişaf etdirilməsinə nail olmaqdır.

O, Memorandumda bir sıra mühüm lahiyələrin həyata keçirilməsinin nəzərdə tutulduğunu deyib və əsas istiqamətlərdən birinin Ali Məhkəmənin BDU-da hüquqşünaslıq üzrə yüksək ixtisaslı kadrların hazırlanmasına yardım etməsi olduğunu vurğulayıb. Sədr gələcəkdə keçirilməsi nəzərdə tutulan birgə elmi konfransların, dəyirmi masaların, görüşlərin nəzəri və təcrübi biliklərin artırılmasına töhfə verəciyini bildirib. Həmçinin tələbələrin Ali Məhkəmənin Aparatında könüllü qismində təcrübə keçmək imkanlarının genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

R.Rzayev Ali Məhkəmənin Azərbaycanda fəaliyyət göstərən bütün ali təhsil ocaqlarındakı hüquq fakültələri ilə sıx əməkdaşlıq qurmağa və gələcək hüquqşünasların tədris proqramlarına fəal dəstək verməyə hazır olduğunu qeyd edib.

Daha sonra çıxış edən BDU-nun rektoru Elçin Babayev Ali Məhkəmə ilə BDU arasında sıx əlaqələrin mövcud olduğunu deyib. O, Ali Məhkəmənin təhsil ocaqları ilə əməkdaşlıq etməsi təqdirəlayiq hal kimi qiymətləndirib. Bildirib ki, hüquq sahəsində peşəkar kadrların hazırlanmasında Ali Məhkəmənin xüsusi rolu var. Qeyd edib ki, imzalanan memorandumun əhatə etdiyi istiqamətlər kadr hazırlığının keyfiyyətinin yüksəldilməsinə töhfə verəcək.

Əməkdaşlıq haqqında Anlaşma Memorandumunu Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev və BDU-nun rektoru Elçin Babayev imzalayıb.

Sonda tərəflər bir-birinə xatirə hədiyyələrini təqdim ediblər.

Eltac Nurullazadə