Məzmuna keç

Tanışına qarşı 24 min manatlıq dələduzluq edən şəxs məhkəmə zalından azadlığa buraxıldı

Bu gün Nərimanov Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Elvin Alıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bu barədə e-huquq.az-a təqsirləndirilən şəxsin vəkili Mədail Fərzəliyev məlumat verib.

Onun sözlərinə görə, hakim Vüsal Qurbanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, E.Alıyev zərərçəkmiş şəxsə vurduğu zərəri tam ödədiyi və şikayətçi ilə barışdığı üçün onun barəsində cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib. E.Alıyev məhkəmə iclas zalından azadlığa buraxılıb.

İttimaha görə, E.Alıyev S.Kərimovun etibarından sui-istifadə edərək, maşın alqı-satqısı ilə məşğul olan tanışından onun üçün maşın alacağı vədini verib. E.Alıyev bunun müqabilində zərərçəkmişdən 24 min manat pul alıb. Lakin sonradan o, verdiyi vədə əməl etməyib. S.Kərimov şikayəti əsasında saxlanılan E.Alıyevin barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq, xeyli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb. Daha sonra onun barəsində həbs qətimkan tədbiri seçilib.

Eltac Nurullazadə