"Bu gün Azərbaycanda çox pis bir tendensiya formalaşıb, bəlli dairələr tərəfindən belə bir yersiz mövqe aşılanır ki, siyasi partiya mənsubu yaxud sosial media fenomeni istənilən cinayəti törədə bilər amma o, mühakimə edilməməlidir. Yaxud, hakimiyyəti tənqid edən şəxsin törətdiyi konret ictimai təhlükəli əmələ münasibətdə onun barəsində cinayət təqibi başlamaq olmaz. Əks halda dərhal hazır, sistemli mexanizmlər işə düşür ki, filankəs siyasi mövqeyinə görə təqib olunur. İndi belə çıxır ki, Azərbaycanda istənilən şəxs hakimiyyəti tənqid edərək toxunulmazlıq statusu qazana bilər? Yaxud hakimiyyəti tənqid edən adam dələduzluğa, oğurluğa qətlə görə məhkium edilibsə o siyasi məhbudur? Yaxud hakimiyyəti tənqid edən şəxsin hüquq var ki, polisə, hakimiyyət nümayəndəsinə müqavimət göstərsin, yaxud məhkəməyə hörmətsizlik etsin?".
E-huquq.az xəbər verir ki, bunu deputat, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov parlamentin bu gün keçirilən iclasında çıxış edərkən deyib.
O bildirib ki, Konstitusiyanın 125-ci maddəsinin I hissəsinə əsasən, Ədalət mühakiməsini həyata keçirmək müstəsna olaraq məhkəmələrin səlahiyyətində olan məsələdir. Ədalət mühakiməsi isə vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Dünyada, bütün insan hüquqları mexanizmlərində ilk qızıl qayda budur ki, Hamı qanun və məhkəmə qarşısında bərabərdir.
"İkinisi, Konstitusiyanın 127-ci maddəsində açıq formada ifadə olunub ki, III. Hər hansı bir şəxs tərəfindən və hər hansı bir səbəbdən məhkəmə icraatına qanuna zidd təsir, hədə və müdaxilə edilməsi yolverilməzdir. Bu gün biz nə görürük? İclas öncəsi məhkəmələrin qarşısında aksiyalar. Tələbləri də odur ki, hakim maddi və prosessual qanunvericiliyi bir kənara atıb bunların siyasi sifarişlərini yerinə yetrirməlidir. Niyə? Yaxşı, bu hansı hüquq sistemində var? Yeni bir metod tapıblar, artıq şəhid ailələrini prosesə cəlb edirlər. Bu sadəcə iyrənclikdir, bu insanların öz dərdləri özünə bəsdir, niyə murdar siyasətə alət edirsiz şəhid analarını? Azərbaycan dövləti üçün hər bir vətəndaşın həyatı qiymətlidir. Amma heç bir vətəndaşa o hüquq da verilməyib ki, özünü hüquqdan qanundan üstün tutsun. Məhkəməni aclıqla, susuzluqla, şantaj etmək, hakimin iradəsinə təzyiq etmək nə deməkdir? Şüarlar səsləndirilir ki, məhkəmə qərarı ədalətsizdir, amma bir nəfər göstərə bilmir ki, məhkəmə filan maddi normanı səhv tətbiq etdi, yaxud filan prosessual pozuntuya yol verdi. Hansı müddəa yazır ki, məhkəmə qəti imkan tədbiri seçə bilməz. Küçədən məhkəməyə təsir nə deməkdir? Məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə qərarlarını isə icazəsiz aksiyalarda yox, ancaq yuxarı məhkəmələrdə mübahisələndirmək olar".
