Məzmuna keç

Ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən sürücünün məhkəməsi başlayır

Göyçayda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Ramin Ağayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İşə hakim Nahid Mirzəyevin sədrliyi ilə baxılacaq. Məhkəmənin hazırlıq iclası martın 9-a təyin olunub.

Qeyd edək ki, hadisə 2022-ci ilin noyabrımda Göyçayda baş verib. Ramin Ağayevin sükanı arxasında olduğu “VAZ 21099” markalı avtomobil hərəkətə olarkən yoldan çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində sürücünün avtomobildə sərnişin qismində olan qardaşı 51 yaşlı Ağayev Ziyaməddin Mirsalik oğlu hadisə yerində ölüb. Yol qəzası zamanı maşında xəsarət alan digər sərnişinlər Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. R.Ağayev barəsində Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə cinayət işi başlanılıb.

Eltac Nurullazadə