Məzmuna keç

Bakıda evə basqın edən dəstə üzvlərinin ibtidai istintaqı başa çatdı

Bakıda evə basqın etməkdə təqsirləndirilən Ramazan Kərimov, Əli Vəliyev, Orxan Musəvi və İlqar Xəlilovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Cavid Hüseynovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, R.Kərimov dayısının evində külli miqdarda pul olması barədə digər qohumu Ə.Vəliyevə məlumat verib və həmin maddi vəsaitin ələ keçirilməsini təklif edib. Sonuncu isə tanışları O.Musəvi və İ.Xəlilovla həmin mənzilə basqın etmək barədə razılığa gəlib. R.Kərimov dəstə üzvlərinə dayısının və ailənin digər üzvlərinin səhər saatlarında evdən çıxdıqları, mənzildə isə ailənin böyük oğlunun tək qaldığı barədə məlumat verib. 2022-ci il noyabrın 21-də dəstə üzvləri həmin mənzilə özlərini poçt əməkdaşı kimi təqdim edərək daxil olublar. Onlar ev sahibinin oğlunun sifət nahiyəsinə yumruqla bir neçə dəfə vurub və əllərində olan bıçaqla sonuncunun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq etmək hədəsi ilə mənzilə basqın ediblər. Dəstə üzvləri daha sonra evdə olan 50 min dollar, 1900 manat və ümumi dəyəri 20 min manat olan qızıl-zinət əşyalarını ələ keçiriblər. Saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə cinayət işi başlanılıb.

Eltac Nurullazadə