Məzmuna keç

Məhkəmə piyadanın ölümündə təqsirləndirilən sürücü ilə bağlı qərar verəcək

Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Vahid Mahmudovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

Hakim Zamiq Bağırovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında baş verib. Belə ki, V.Mahmudov idarə etdiyi "Mercedes" markalı avtomobillə Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yolu keçən qəsəbə sakini S.Əfəndiyevanı hadisə yerindən vuraraq qaçıb. Bu zaman arxadan gələn “Hyundai” markalı avtomobil piyadanın üzərindən keçib. Nəticədə o, hadisə yerində ölüb. Bakı Şəhər Baş Polis İdarəsi və Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V.Mahmudov saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb.

Eltac Nurullazadə