Məzmuna keç

Ödəmə terminallarından oğurluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Paytaxt və bölgələrdə ödəmə terminallarından oğurluq etməkdə təqsirləndirilən Qəzənfər Babayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib.

İş hakim Nərminə Rzayevanın sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclası mayın 1-nə təyin olunub.

Qeyd edək ki, polis əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat-axtarış tədbiri nəticəsində son bir neçə ay ərzində 25-ə yaxın mağazada quraşdırılan ödəmə terminallarını sındırmaqla orada olan maddi vəsaitləri oğurlayan, əvvəllər məhkum olunmuş Qəzənfər Babayev tutularaq istintaqa təqdim edilib. Aparılan araşdırmalar zamanı onun paytaxtın Binəqədi, Pirallahı rayonları ilə yanaşı, Abşeron rayonu, Sumqayıt şəhəri, həmçinin Tovuz və İsmayıllı rayonlarında müxtəlif şəxslərə məxsus mağazalarda quraşdırılan ödəmə terminallarından oğurluq etdiyi məlum olub. Qəzənfər Babayevin təkcə Abşeron rayonunun Saray, Masazır, Qobu, Digah və Mehdiabad qəsəbələrində yerləşən 12 mağazada quraşdırılan terminallardan oğurluq etdiyi müəyyən edilib. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə