“Məhkəmələrin müasir tələblərə uyğun qurulması, ədalət mühakiməsinin həyata keçirilməsində yüksək peşəkarlığın artırılması və idarəetmədə innovativ texnologiyaların tətbiqi günün tələblərindəndir”.
E-huquq.az xəbər verir ki, bunu Ali Məhkəmənin sədri İnam Kərimov Ali Məhkəmədə "Femida Dialoq Platforması" çərçivəsində Vəkillər Kollegiyası ilə görüş zamanı deyib.
İnam Kərimov diqqətə çatdırıb ki, aparılan geniş islahatlar vəkillik institutundan yan keçməyib. Son dövrlər ölkəmizdə vəkillik institutunun daha da təkmilləşdirilməsi istiqamətində mühüm işlər görülüb.
Sədr qeyd edib ki, ölkə başçısının məlum Fərmanının icrası çərçivəsində məhkəmə-hüquq sistemində bir sıra uğurlu islahatlar aparılsa da, qarşıda görüləcək işlər var: “Ölkəmiz böyük qlobal əhəmiyyətli proseslərdə regionun aparıcı liderinə çevrilir və yeni çağırışlarla qarşılaşır. Bu müasir çağırışlara cavab vermək üçün məhkəmələrin müasir tələblərə uyğun qurulması, ədalət mühakiməsinin həyata keçirilməsində yüksək peşəkarlığın artırılması və idarəetmədə innovativ texnologiyaların tətbiqi günün tələblərindəndir. Bu tələbləri qarşılamaq üçün məhkəmə-hüquq sisteminin bütün iştirakçıları ilə dialoq qurmağa xidmət edən yeni bir layihəyə – “Femida Dialoq Platforması” layihəsinə start vermişik”.
Şəbnəm Mehdizadə
