Mingəçevirdə sürücüyə balta ilə xəsarət yetirməkdə təqsirləndirilən Faiq Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Xaliq Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, “Köhnə Toxuculuq kombinatı” adlanan yerin qarşısında baş verib. Belə ki, “Xəzər” markalı avtomobili idarə edən 1971-ci il təvəllüdlü F.Məmmədov yol vermək üstündə aralarında yaranmış mübahisə zamanı “Mercedes-Benz” markalı avtomobili idarə edən 1995-ci il təvəllüdlü E.Paşayevin baş nahiyəsindən qəsdən balta ilə vurub. E.Paşayev açıq kəllə-beyin travması və kəllə qapağı sümüyünün açıq sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. F.Məmmədova qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
