- 25 İyun 17:34
Tarixdə hər bir xalq özünün yetirdiyi dahi insanlarla fəxr edir. Xalqların və ölkələrin inkişafında şəxsiyyətlərin dayanması ictimai düşüncəyə hakim kəsilən həqiqətlərdən hesab edilir. Tarixin bütün dövrlərində inkişafı yaradan əsas fundamental rolda dahi şəxsiyyətlər, liderlər çıxış etmiş və bu gün də çıxış etməkdədirlər. Zamanı irəli aparan belə dahi şəxsiyyətlərdən biri də Ümummilli lider Heydər Əliyevdir. Azərbaycan xalqı özünü bütünlüklə xoşbəxt hesab edə bilər ki, onun Heydər Əliyev kimi dahi şəxsiyyəti vardır. Azərbaycanda XX əsrin son 30 ili və XXI əsrin ilk 3 ili Ümummilli lider Heydər Əliyevin şəxsiyyəti və onun hakimiyyəti ilə bağlıdır. O, Azərbaycanın müasir intibahının memarıdır. Azərbaycan Respublikası adını daşıyan müstəqil dövlətin yaranmasından başlayaraq ta indiki heyrətamiz inkişaf dinamikasına qədər özündə milli dirçəlişi əks etdirən unikal tarixi sosial-iqtisadi və milli-mənəvi hadisələr məhz yaşadığımız zamanda cərəyan etməkdədir. Heç şübhəsiz, bütün bunların üzərinə vurulmuş müasirlik möhürü Ulu öndər Heydər Əliyevin adı və onun xalqının, millətinin yolunda əzmli fəaliyyəti ilə əlaqədardır.
Heydər Əliyevin Azərbaycanın siyasi səhnəsində birinci şəxsi kimi fəaliyyəti və onun ölkə həyatına gətirdiyi əzəmətli inkişaf meyilləri dahi şəxsiyyətlərin tarixin gedişində həlledici rol oynadıqlarını sübuta yetirmək üçün ən dəyərli nümunələrdən sayılır. Azərbaycan tarixinin Heydər Əliyevin aktiv siyasi fəaliyyəti dövrünə təsadüf edən iki böhranlı mərhələsində xalqın və ölkənin xilası və inkişafının əsasının qoyulması bilavasitə onun möhtəşəm tarixi xidməti kimi qəbul edilir. Bu mənada, Heydər Əliyevin timsalında tarixdə şəxsiyyətin rolu özünün ən bariz ifadəsini tapmış olur. XX əsrin 60-cı illərinin sonundan başlayaraq Azərbaycanın siyasi həyatı və bütünlükdə cəmiyyətimiz Heydər Əliyevin fəaliyyəti sayəsində özünün yeni mərhələsinə qədəm qoydu. O vaxtdan başlanan böyük tarixi mərhələdə Heydər Əliyev ideyaları həyatımızın başlıca gerçəkliyi, inkişafımızın təməl daşma çevrilmişdir.
Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrü tariximizin sürətli və hərtərəfli yüksəliş illəri və bəlkə də intibahı adlandırmaq olar. Bu dövr heç şübhəsiz, qədim və zəngin tariximizə müasir Azərbaycan cəmiyyətinin yaradılması mərhələsi kimi daxil olmuşdur. Tarixi yaradan şəxsiyyətə qiymət vermək elə tarixin özünə qiymət vermək anlamına uyğun gəlir. Tariximizin Heydər Əliyev dövrü müasir Azərbaycan cəmiyyətinin formalaşması vəzifələrinin uğurla və ardıcıl olaraq yerinə yetirilməsi ilə seçilir. Məhz Heydər Əliyevin rəhbərliyi illərində Azərbaycan böyük və sürətli inkişaf mərhələsinə qədəm qoymuşdur. Həmin dövrdə ölkənin inkişafı bir qayda olaraq, əhəmiyyətli keyfiyyət dəyişiklikləri ilə müşayiət olunan sıçrayış xarakterli yeniləşmə kimi özünü bürüzə vermişdir.
1970-1980-ci illərdə Azərbaycan cəmiyyətinin həyatında baş verən sürətli tərəqqi ölkəmizin tarixinin yeni inkişaf mərhələsinə keçid rolu oynamışdır. Azərbaycanın ikinci dəfə yeni tarixi mərhələyə daxil olması da artıq başqa siyasi reallıqlar çərçivəsində 1993-cü ildə Heydər Əliyevin qayıdışı ilə birbaşa bağlıdır. Heydər Əliyevin ölkənin müasir tarixində həyata keçirdiyi missiyası sistemində özünü bürüzə verən əsas cəhətlərdən biri onun Azərbaycanın intibahının əsasını qoymasıdır. Əslində, bu, Heydər Əliyevin tarixi missiyasının təntənəsi, müasir Azərbaycanın yaradılması anlamına gəlir. Bəli, Heydər Əliyev Müstəqil Azərbaycan dövlətinin qurucusudur.
Hər bir xalqın tarixində onun müstəqil dövlətini yaratmaq kimi əzəmətli vəzifəni öz üzərinə götürmüş ümummilli liderlər olub. Uzun illər dövlət müstəqilliyini itirmiş Azərbaycanın XX əsrin sonlarında istiqlalına qovuşduqdan sonra milli dövlətçiliyini bərpa edərək müstəqil dövlətini yaratmaq missiyasını tarixin hökmü ilə Heydər Əliyev yerinə yetirməli oldu. Xalqımızın indiki nəsilləri müstəqil dövlət quruculuğu sahəsində qazanılan müstəsna uğurlara görə Heydər Əliyevə minnətdardır. Müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyev haqlı olaraq azərbaycanlıların milli qürur və iftixar mənbəyinə çevrilmiş, Ümummilli lider adını qazanmışdır.
Sovet rejiminin ən sərt çağlarında Azərbaycana rəhbərlik edən Heydər Əliyev öz fəaliyyəti dönəmində milli ruhun inkişafına təkan verən cəsarətli addımlar atmışdır. O, dərk edirdi ki, siyasi müstəqillikdən məhrum olmuş xalqın milli ruhunu dirçəltməyin ən etibarlı yolu onun iqtisadiyyatının inkişafı ilə bağlıdır. Azərbaycana rəhbərlik etdiyi 1969 - 1982-ci illərdə respublikanın sıçrayışlı iqtisadi yüksəlişini, xalqımızın müstəqillik məfkurəsinin möhkəmlənməsində onun oynadığı əvəzsiz rolu ayrıca vurğulamaq lazımdır. Onu da vurğulamaq lazımdır ki, Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi illərində respublikanın inkişafı universal səciyyə daşımış, yüksəliş həyatın heç bir sahəsindən yan keçməmiş, iqtisadi inkişaf ilə yanaşı, milli ruhu yüksəltməyə təkan verən mədəni və mənəvi intibah meyilləri də aydınca müşahidə olunmuşdur. 1977-ci ilin Konstitusiyasında SSRİ-nin əyalətlərindən biri olan Azərbaycanda Azərbaycan dili dövlət dili elan edilmişdir.
Heydər Əliyevin 1982-ci ildə SSRİ kimi nəhəng dövlətin ali rəhbərliyində təmsil olunması zamanı Azərbaycanda milli qürur və iftixar hissinin yaradılması və bu amilin sonralar milli məfkurəmizdə böyük rol oynaması da daim diqqətdə saxlanmalıdır. Ümummilli lider Heydər Əliyevin dünyanın iki super dövlətindən birinin rəhbərlərindən olması gerçəkliyini dərk etmək özü-özlüyündə milli məfkurə daşıyıcısı rolunu yerinə yetirirdi. XX əsrin 80-ci illərinin sonunda Azərbaycanda azadlıq hərəkatı SSRİ-nin digər respublikaları ilə müqayisədə daha böyük vüsət ala bilmişdi. Qeyd etmək lazımdır ki, Heydər Əliyevin adı və şəxsiyyəti azadlıq hərəkatına əlavə güc verən fenomen kimi qətiyyətlə qəbul olunurdu. Heydər Əliyev fenomeninə ehtiyac Azərbaycan müstəqil dövlət kimi özünü elan etdikdən sonra ilk aylarda daha aydın hiss olunurdu. Müstəqilliyimizin ilk illərində Azərbaycanda yaşanan siyasi qeyri-sabitlik, hakimiyyət dəyişiklikləri, iqtisadi tənəzzülün dərinləşməsi, yaranmış daxili böhrandan faydalanan erməni təcavüzünün getdikcə daha çox Azərbaycan torpaqlarını zəbt etməsi, ölkəni xaosa sürüklədiyindən xalqın və dövlətin Heydər Əliyev fenomeninə qayıdışını reallaşdırırdı.
Xalq dərk edirdi ki, zamanında müstəqillik məfkurəsinin möhkəmlənməsinə müstəsna töhfələr verən Heydər Əliyev itirilməkdə olan müstəqilliyi qorumaq və Azərbaycanı qüdrətli müstəqil dövlətə çevirmək üçün yeganə təminatçısı ola bilər. Xalq artıq bildi ki, məhz onun sayəsində müstəqillik ideyaları həqiqi gerçəkliyə çevrilə və millət öz torpağına sahib ola bilər. Qətiyyətlə demək olar ki, XX əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın müstəqillik məfkurəsini şəxsiyyət fenomeni ilə tamamlamaq üçün Heydər Əliyevə, onun qayıdışına böyük ehtiyac var idi. Azərbaycan müstəqilliyin ilk illərində ciddi təhlükələr məngənəsində yaşamağa məhkum olmuşdu, siyasi qeyri-sabitlik, sürətli iqtisadi tənəzzül, erməni təcavüzünün coğrafiyasının genişlənməsi və s. əhalidə ruh düşkünlüyü yaratmışdı. Azərbaycanın müasir tarixinin ən böhranlı mərhələsi hesab edilən XX əsrin 90-cı illərinin əvvəllərində ictimai düşüncə səviyyəsində güclü lider ideyasının birmənalı şəkildə Heydər Əliyev şəxsiyyəti ilə əlaqələndirilməsi heç də təsadüfi deyildi. Azərbaycanın müasir tarixinin real təhlükələrin altında, sözün həqiqi mənasında, əzildiyi bir vaxtda ictimai düşüncədə xilaskar ümummilli lider Heydər Əliyev obrazının formalaşmasının təsadüfi olmadığını əsaslandırmaq bəlkə də artıqdır.
Qeyd etməyə dəyər ki, Heydər Əliyev ən təhlükəli anlarında Azərbaycan xalqının öz taleyini ona etibar etməkdə yanılmadığını möhtəşəm qayıdışın elə ilk aylarındaca sübuta yetirdi. Qısa dönəmdə ölkədə hərc-mərcliyə son qoyuldu, sabitlik və əmin-amanlıq təmin edildi, erməni təcavüzünün qarşısı alındı. Heydər Əliyev şəxsiyyətinin əzəməti və miqyası onun tarixi qayıdışının mənasını yalnız xilaskarlıq missiyası ilə məhdudlaşdırmağı qeyri-mümkün edir. Yaradılan dayanıqlı siyasi sabitlik, iqtisadiyyatda tənəzzülün cilovlanması, maliyyə nizam-intizamının yaradılması, aqrar islahatların həyata keçirilməsi, yeni iqtisadi sistemə keçid Azərbaycanın müstəqil dövlətçiliyini möhkəmləndirən əsasların yaradılmasından xəbər verirdi.
Şübhəsiz ki, ölkəmizin regionda lider dövlətə çevrilməsi, dünyanın ən dinamik iqtisadiyyatına malik olan ölkə adını şərəflə dörd il dalbadal daşıması, Azərbaycanın beynəlxalq aləmdə rolunun və əhəmiyyətinin hissolunan dərəcədə artması və digər çoxsaylı uğurlarımız Heydər Əliyevin neft strategiyası ilə birbaşa bağlıdır. Heydər Əliyevin adı tarixə müstəqil Azərbaycan dövlətinin qurucusu kimi daxil olmuşdur. Müstəqil Azərbaycan dövləti Heydər Əliyevin şah əsəridir. Müstəqil Azərbaycan bu gün Heydər Əliyev siyasətinə istinad edərək qətiyyətlə irəliləyir, gücünü və qüdrətini durmadan artırır.
Hansı prizmadan baxırıqsa baxaq, Heydər Əliyev şəxsiyyəti əzəmətli və nəhəng görünür. Azərbaycan xalqının Heydər Əliyev irsinə sadiqliyi dahi şəxsiyyətin ideyalarının həmişəyaşarlığına bilavasitə dəlalət edir. Bu gün Heydər Əliyev strategiyasının müasir inkişafın ideya əsası rolunda çıxış etməsi hər şeydən əvvəl onun universal mahiyyətindən irəli gəlir. Məhz bu strategiya ölkəmizdə tarixən formalaşmış dəyərlər sisteminə söykəndiyindən böyük perspektiv üçün nəzərdə tutulmuşdur.
Azərbaycanın davamlı inkişafının Heydər Əliyev konsepsiyası praktik fəaliyyətə transformasiya edərək insanların davranışını stimullaşdırmaq qüdrətinə malik olan dəyərlərin tam dəstini özündə ehtiva edir. Bu gün zəngin və qüdrətli Azərbaycan daha çox cəmiyyətin tamamilə fərqli keyfiyyət halı kimi qəbul olunur. Heydər Əliyevin yaratdığı müstəqil Azərbaycan dövləti indi güclü Azərbaycan dövləti kimi tanıtma nişanına sahib olmuşdur. Vaxtilə hər birimizin qürur mənbəyi olan müasir və müstəqil Azərbaycan indi bütün dünya azərbaycanlıların iftixarına çevrilmiş güclü Azərbaycandır.
Allah Heydər Əliyevin ruhunu şad eləsin, Allah qəni-qəni rəhmət eləsin.
Rəşad Cavadzadə
Yasamal Rayon Məhkəməsinin hakimi