Məzmuna keç

Heydər Əliyev – müasir dövlət və məhkəmə-hüquq sisteminin qurucusu rolunda

"Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə".

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev

Ulu Öndərimiz hakimiyyətə gəldiyi gündən məhkəmə-hüquq sistemində başlatdığı islahatla sonuna qədər bu prisipə sadiq qaldı. Onun qoyduğu yolu isə Ali Baş Komandan, cənab Prezident İlham Əliyev uğurla davam etdirir. Bu gün müasir dövrün qlobal çağırışlarına cavab verən müstəqil Azərbaycanda mühüm islahatlar həyata keçirilir, uğurlu nəticələr əldə edilir. Bu islahatlar həyatın bütün sahələrini əhatə edir. Hüquqi, dünyəvi, demokratik dövlət quruculuğu yolu ilə inamla irəliləyən, müstəqilliyini daha da möhkəmləndirən respublikamız hazırda beynəlxalq aləmdə nüfuz, söz sahibi kimi öz yerini və rolunu gücləndirməkdədir.

Hər şey başlandığı kimi davam edir…

Qısaca tarixə nəzər salaq. Ədliyyə Nazirliyinin yenidən dövlət strukturu kimi təşəkkül tapması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Sovetlər birliyində Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlişi ilə ədliyyə sistemində ilk növbədə milli kadr hazırlığına xüsusi diqqət yetirilib, ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə ardıcıl tədbirlər görülüb. Məlumdur ki, 7 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis edilib, 1972-ci ildə nazirliyin Əsasnaməsi təsdiq edilib, ədliyyə sisteminin fəaliyyətini tənzimləyən mühüm normativ sənədlər qəbul olunub, bu sahənin gələcək inkişafı üçün hərtərəfli zəmin yaranıb.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da Ulu Öndərimiz Heydər Əliyev tərəfindən Ədliyyə Nazirliyinin inkişafı, hüquqi dövlətdə onun layiq olduğu yeri tutması üçün mühüm addımlar atılıb, funksiyaları genişlənib.

Demokratik təsisatların və qanunun aliliyi prinsiplərinin möhkəmləndirilməsi üçün yaradılan Hüquqi İslahat Komissiyasına bilavasitə rəhbərlik etmiş ümummili liderimiz qısa müddət ərzində hüquq sisteminin təməlini təşkil edən mühüm qanun və məcəllələrin qəbul edilməsinə nail oldu, məhkəmə və hüquq-mühafizə orqanlarının funksiya və səlahiyyətlərinə yenidən baxdı.

Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra ölkədə hüquqi dövlət quruculuğu sahəsində ardıcıl, sistemli və gələcəyə hesablanan islahatlara start verildi. Azərbaycanın bu gün dünyada müstəqil, hüquqi və demokratik dövlət kimi tanınması, ölkə vətəndaşlarının hüquqlarının, azadlıqlarının təmin edilməsi, müdafiə olunması məhz Ümummilli Liderin adı ilə bağlıdır. Müstəqil dövlətimizin ilk milli Konstitusiyasının qəbul olunması və müstəqillik tariximizdə ilk parlament seçkilərinin keçirilməsi ilə Azərbaycanın tarixi inkişafının yeni bir mərhələsi başlandı. Ümummilli Lider Heydər Əliyevin rəhbərlik etdiyi komissiya tərəfindən hazırlanaraq ümumxalq müzakirəsinə çıxarılan Konstitusiya layihəsi 1995-ci il noyabrın 12-də keçirilən ümumxalq səsverməsində – referendumda qəbul edildi. Konstitusiyanın qəbul edilməsi ilə ölkəmizdə məhkəmə-hüquq islahatlarının əsası qoyuldu. Bu mühüm tarixi əhəmiyyətə malik sənəd ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarına lazımi təminatlar yaratmaqla hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun möhkəm təməlini təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasında yüz illər boyu bəşəriyyətin əldə etdiyi mütərəqqi dəyərlər öz əksini tapır. Konstitusiyada xalqın dövlət hakimiyyətinin yeganə mənbəyi olması, idarəçiliyin hakimiyyət bölgüsü əsasında təşkil olunması kimi təməl prinsiplər təsbit olunur, insan hüquq və azadlıqlarının müdafiəsi isə dövlət siyasətinin əsas istiqaməti, bütün dövlət orqanlarının fəaliyyətinin əsas məqsədi kimi müəyyən edilir.

Ölkəmizdə hüquqi islahatların həyata keçirilməsinin təmin edilməsi məqsədilə 1996-cı ildə Hüquqi İslahat Komissiyası yaradıldı. Həyata keçirilən islahatlar qanunların və digər normativ hüquqi aktların hazırlanması, hüquqi informasiya sisteminin genişləndirilməsi, məhkəmə və bütövlükdə hüquq-mühafizə sisteminin islahatı, qanunların əhali arasında təbliği və öyrənilməsi kimi mühüm tədbirləri özündə ehtiva edir. "Məhkəmələr və hakimlər haqqında", "Konstitusiya Məhkəməsi haqqında", "Prokurorluq haqqında və digər qanunların qəbul edilməsi ölkəmizdə məhkəmə-hüquq islahatları sahəsində atılan ilk, lakin çox vacib addım olmaqla müstəqil məhkəmə sisteminin yaradılmasına və fəaliyyət göstərməsinə imkan yaradıb.

Ulu Öndər yeni Konstitusiyada insan amilini daha çox önə çəkib. Müstəqil Azərbaycan Respublikasının yeni Konstitusiyasının müddəalarının üçdə birinin insan hüquq və azadlıqlarına həsr olunması Azərbaycanda bu məsələyə diqqətin əyani təzahürüdür.

Konstitusiyada həmçinin insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədi, onları gözləmək və qorumaq isə qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcu olması təsbit edilib. Ulu Öndər Heydər Əliyevin 1998-ci ilin fevral ayının 22-də imzaladığı "İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərmanı sözügedən sahədə kompleks tədbirlərin həyata keçirilməsinə təkan verib. Heydər Əliyev insan hüquq və azadlıqlarının qorunmasını ali vəzifə kimi qarşıya qoymuşdu və bunu prioritet prinsip hesab edirdi. Hətta bu sahədə riskli və prinsipial addımlar atmaqdan da çəkinmirdi. Bu baxımdan 1993-cü ildən ölüm hökmü cəzası üzərində moratorium qoyulmasını, 1998-ci ildə isə bu cəzanın tamamilə ləğv edilməsini xüsusi qeyd etmək lazımdır.

Ölüm cəzasının ləğv edilməsi insan hüquq və azadlıqlarının qorunması ilə yanaşı, həm də nüfuzlu beynəlxalq təşkilatların, əsasən də Avropa Şurasının bu quruma üzv dövlətlər qarşısında müəyyənləşdirdiyi əsas tələblərdən idi. Bu qurumun 1983-cü ildə qəbul etdiyi İnsan Hüquqlarına dair Konvensiyanın 6 saylı protokolunda ölüm hökmünün yolverilməzliyi birmənalı olaraq əksini tapmışdır. Ölüm hökmünün ləğvi tələbi, şübhəsiz, bu təşkilatın insan hüquq və azadlıqlarına, insanın yaşamaq hüququna necə yüksək dəyər verdiyinin əyani təzahürüdür. Bu məsələ müstəqil Azərbaycanın Konstitusiyasında da təsbit olunub.

Ədliyyə sisteminin inkişafına qayğılı münasibət

Danılmaz faktdır ki, Ulu Öndər Heydər Əliyev ədliyyə sisteminin inkişafına daim qayğılı münasibət göstərib, Azərbaycan ədliyyəsinin yaranma gününü peşə bayramı kimi təsis etməklə ümumilli liderimiz ədliyyə tarixinin səhifəsinə özünün daha bir şərəfli imzasını atıb. Ədliyyə işçilərində mənəvi stimul yaradılması və tarixi irsin qorunması məqsədilə Ümummilli Lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün – 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən olunub.
Həmçinin, Azərbaycan ədliyyəsinin çoxşaxəli fəaliyyətinin tənzimlənməsi üçün bir çox normativ sənədlər qəbul edilib. 2000-ci ildə ölkəmizdə üçpilləli yeni məhkəmə sistemi yaradılaraq fəaliyyətə başlayıb, ilk dəfə olaraq test üsulu ilə şəffaf prosedurlarla yeni hakim korpusu formalaşdırılaraq onların yüksək statusu müəyyən olunub. Respublikada Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması, İnsan Hüquqları üzrə Müvəkkil institutunun yaradılması demokratik inkişaf yolunda əldə olunan mühüm nailiyyətlərdəndir.

Hüquqi islahatlar çərçivəsində həyata keçirilən tədbirlərdən biri də "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanunun qəbul olunmasıdır. Bu qanun hər bir şəxsin məhkəmə prosesində, ibtidai istintaqda və təhqiqatda öz hüquq və mənafelərinin müdafiəsini həyata keçirmək üçün seçdiyi vəkilə müraciət etməsinə, tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etməsinə, fiziki və hüquqi şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsinə, onlara yüksək keyfiyyətli hüquqi yardım göstərilməsinə imkan yaradır.

Həmçinin, Ulu Öndər Heydər Əliyevin Azərbaycanda insan hüquq və azadlıqlarının təmini və müdafiəsi istiqamətində gördüyü işlərin ən vaciblərindən biri də "İnsan hüquqları üzrə müvəkkil (ombudsman) haqqında" qanunun qəbul edilməsi və Ombudsman Aparatının yaradılmasıdır. Ölkədə Ombudsman Aparatı yaradıldıqdan sonra vətəndaşların hüquqlarının müdafəsi sahəsində daha ciddi nailiyyətlə əldə edilməyə başlandı.

Heydər Əliyev insan və vətəndaş hüquq və azadlıqlarının təminatlı müdafiəsində məhkəmə hakimiyyətinin rolunu artırmaq üçün ciddi islahatlar aparıb. Ölkədə hakim korpusunun formalaşmasında tamam yeni üsul və metodlardan istifadə edilib. Hakim vəzifəsinə ədalətli və şəffaf seçim məhkəmə-hüquq islahatlarının keyfiyyətlə aparılmasına təkan verib. Onun rəhbərliyi altında Azərbaycan dünyada insan hüquq və azadlıqlarının təməl prinsipi kimi qəbul edilən ən mühüm beynəlxalq konvensiyalara da imza atıb.

İnsan və vətəndaş hüquqlarının yüksək səviyyədə təminatına xidmət edən bu siyasət yeni dövrün tələbləri səviyyəsində davam etdirilir. İslahatların keyfiyyətcə yeni mərhələsində məhkəmə və ədliyyə orqanlarının inkişafının əsas məqsədləri əhalinin hüquqi təsisatlara və hüquqi yardıma tələbatının ödənilməsi, yeni nəsil hakim və hüquqşünasların formalaşdırılması, məhkəmələrin müstəqilliyinin və məhkəmələrə inamın artırılması, məhkəmələrə və ədliyyə orqanlarına müraciət imkanlarının asanlaşdırılmasıdır.

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 yanvar və 17 avqust tarixli fərmanları məhkəmə və ədliyyə orqanlarının inkişafına, məhkəmə-hüquq sisteminin müasir dövrün tələblərinə uyğun olaraq təkmilləşdirilməsinə, regionlarda hüquq infrastrukturunun genişləndirilməsinə imkan yaratmışdır. Sonrakı illərdə əhalinin məhkəmələrə müraciət etmək imkanlarının asanlaşdırılması məqsədilə regionlarda yeni apellyasiya, inzibati-iqtisadi, ağır cinayətlər məhkəmələri yaradılmışdır. Ötən illərdə hakimlərin sayı 2 dəfə, o cümlədən 2010-cu ildə daha 25 faiz artırılaraq 600-ə çatdırılmışdır.
Ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə tədbirlər çərçivəsində Avropa Şurası ilə səmərəli əməkdaşlıq şəraitində hazırlanaraq qəbul edilmiş "Məhkəmələr və hakimlər haqqında" və "Məhkəmə-Hüquq Şurası haqqında" qanunlar xüsusi əhəmiyyət kəsb edir. Beynəlxalq norma və prinsiplərə uyğun olan həmin qanunlara əsasən məhkəmə hakimiyyətinin özünüidarə orqanı olan Məhkəmə-Hüquq Şurası yaradılıbdır. Yeni qanunvericiliklə hakimlərin immunitetinə və səlahiyyət müddətlərinə yenidən baxılmış, hakim vəzifəsinə müddətsiz təyinat müəyyən olunmuş, onların intizam məsuliyyəti məsələləri şuranın səlahiyyətinə aid edilmiş, hakim vəzifələrinə namizədlərin seçilməsi üçün yeni qurum – Hakimlərin Seçki Komitəsi yaradılmışdır. Bununla yanaşı, Məhkəmə-Hüquq Şurası yanında hakimlərin və dövlət ittihamçılarının, o cümlədən hakimliyə namizədlərin tədrisi ilə məşğul olan ayrıca sektor fəaliyyətə başlamışdır.

Hakim seçkilərinə dair yeni qaydalara əsasən, hakim olmaq üçün ilk dəfə olaraq 2005-ci ildən çoxmərhələli prosedurlarla, test üsulu ilə, habelə yazılı və şifahi imtahanlar keçirilmişdir. Hakimliyə namizədlər üçün uzunmüddətli tədris kursları təşkil olunmuş, bu kurslara yüksək məhkəmə hakimləri, görkəmli alimlər, zəngin biliyə və təcrübəyə malik şəxslər, habelə nüfuzlu xarici ölkələrin, o cümlədən Türkiyənin mütəxəssisləri, Avropa Şurasının insan hüquqları üzrə ekspertləri cəlb olunmuşlar. Ümumiyyətlə, 2007-2011-ci illəri əhatə edən 4 seçim prosesində 311 nəfər müvəffəqiyyət qazanaraq hakim vəzifəsinə təyin olunmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyev son 20 ildə əfvetmə institutunun da çevik və işlək mexanizmlər əsasında fəaliyyətini təmin etmişdir. Cənab İlham Əliyevin ötən müddətdə ölkədə siyasi barışığın, vətəndaş həmrəyliyi və sülhünün təmin olunması və formalaşdırılması istiqamətində atdığı addımlar onun ədalətli rəhbər obrazını şərtləndirən amillər sırasında xüsusi vurğulana bilər.

Dövlət başçısı cənab İlham Əliyev ölkədə hüquqi, siyasi və iqtisadi islahatların bundan sonra da paralel şəkildə aparılacağını, o cümlədən ədliyyə və məhkəmə orqanlarına dövlət səviyyəsində lazımi diqqət və qayğının göstəriləcəyini xüsusi vurğulayır. Şübhə etmədən demək olar ki, dövlət başçısının uğurla həyata keçirdiyi bu islahatlar nəticəsində Azərbaycanda məhkəmələrin fəaliyyəti daha da müasirləşəcək, əhaliyə göstərilən hüquqi yardımın səviyyəsi yüksələcək, ədalət mühakiməsinin daha çevik, işlək mexanizmlər əsasında həyata keçirilməsi mümkün olacaqdır.

Əli Cəlilov

Qusar Rayon Məhkəməsinin hakimi