Azərbaycan xalqının ümummilli lideri, dünya səviyyəli siyasi xadim Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyətdir. Tarixin yaddaşında əbədi iz qoymaq hər insana nəsib olmayan böyük xoşbəxtlikdir. Bu yalnız Heydər Əliyev kimi dahi şəxsiyyətlərin qismətinə düşən müstəsna taledir. Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz ümummilli liderimiz Heydər Əliyevin xidmətləridir. Təsadüfi deyil ki, ulu öndərimizin fəaliyyəti öz miqyası və əhəmiyyəti etibarilə Azərbaycanın hüdudlarından çox-çox kənara çıxıb. Dünya miqyasında ən nüfuzlu dövlət başçıları, politoloqlar tərəfindən dəfələrlə bəyan edildiyi kimi, Azərbaycan və böyük türk dünyasının dahi oğlu Heydər Əliyev zəmanəmizin ən yüksək zirvəsində duran tanınmış siyasi xadimlər sırasında öz layiqli yerini tutub. Xalqımızın yaddaşında yaradıcı, qurucu və xilaskar obrazını daim yaşadıb, qəlblərdə özünə əbədi məhəbbət qazanıb. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illəri yaddaşlarda təkcə iqtisadi yüksəliş, təsərrüfatın bütün sahələrinin inkişafı dövrü kimi deyil, həm də elmin, təhsilin, mədəniyyətin misilsiz tərəqqisi illəri kimi qalıb. Məhz həmin dövrdə gələcək müstəqilliyimizin təməl daşları hörülüb, iqtisadi, sosial və mədəni potensialı formalaşıb. 1969-1982-ci illərdə həyatımızın bütün sahələrində köklü islahatlar aparılmış, əsaslı dəyişikliklər baş vermişdir. Bu nəhəng işlər öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsində ən dolğun səhifələri təşkil edir.
İnsan hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə həyata keçirilən hüquqi islahatların ən mühümü isə yaşamaq hüququnun təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər oldu. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1993-cü ildə Azərbaycanda ölüm cəzasının icrasına moratorium qoyuldu. 1998-ci il fevralın 10-da isə Azərbaycanda ölüm cəzası ləğv edildi. Qeyd etmək lazımdır ki, Azərbaycan Şərqdə ilk dəfə olaraq ölüm cəzasını ləğv edən ölkə kimi tarixə düşdü. Bu tarixi addım humanizm, insanpərvərlik, ədalət, şəxsiyyətə və insan hüquqlarına hörmət kimi yüksək amallarla yaşayan Ümummilli lider Heydər Əliyevin gələcək nəsillərə misilsiz töhfəsidir. Ulu öndər qeyd edirdi: "Mən, cinayət-hüquq siyasətini hərtərəfli təhlil edərək, ədalət, azadlıq, humanizm və insanpərvərlik kimi yüksək idealara sadiq qalaraq, ölkəmizdə ölüm cəzasının ləğv edilməsi qənaətinə gəlib bu tarixi bəyanatı vermişəm". Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında demokratik və hüquqi dövlət quruculuğu yolunda atılan addımlar, beynəlxalq standartlara əsaslanan köklü hüquqi islahatlar insan və vətəndaş hüquq və azadlıqlarının təminatı sahəsində əsaslı dönüşə səbəb oldu. Heydər Əliyevin "Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi haqqında" 1994-cü il 9 avqust tarixli fərmanı ilə cinayətkarlığa qarşı mübarizə tədbirləri daha da gücləndirilmiş, hüquq-mühafizə orqanlarının bu istiqamətdə uzunmüddətli dövr üçün fəaliyyət proqramı müəyyənləşdirildi.
Hüquqi islahatların həyata keçirilməsi məqsədi ilə Prezidentin 1996-cı il 21 fevral tarixli sərəncamı ilə hüquqi islahatlar komissiyası yaradılmış, hüquqi dövlət quruculuğunda məhkəmə hakimiyyətinin rolu nəzərə alınmaqla 1 dekabr 1998-ci il tarixli fərmanla dövlət başçısı yanında Məhkəmə-Hüquq Şurası yaradıldı. Məhkəmə sistemi islahatının konsepsiyası aşağıdakı əsas məqsəd və vəzifələri müəyyənləşdirdi. Hüquqi dövlət çərçivəsində məhkəmə hakimiyyətinin müstəqil fəaliyyət göstərməsinin təmin edilməsi, vətəndaşların məhkəməyə ədalətli araşdırma üçün müraciət etmək hüququnun təmin edilməsi, peşəkar hüquqi yardım almaq imkanı, məhkəmə qərarlarından şikayət vermək hüququnun həyata keçirilməsi və s.
Bu bir həqiqətdir ki, müstəqil dövlətimizin ilk milli Konstitusiyasının qəbul olunması və müstəqillik tariximizdə ilk parlament seçkilərinin keçirilməsi ilə Azərbaycanın tarixi inkişafının yeni bir mərhələsi başlandı. Ümummilli lider Heydər Əliyevin rəhbərlik etdiyi komissiya tərəfindən hazırlanaraq ümumxalq müzakirəsinə çıxarılan Konstitusiya layihəsi 1995-ci il noyabrın 12-də keçirilən ümumxalq səsverməsində – referendumda qəbul edildi. Konstitusiyanın qəbul edilməsi ilə ölkəmizdə məhkəmə-hüquq islahatlarının əsası qoyuldu. Bu mühüm tarixi əhəmiyyətə malik sənəd ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarına lazımi təminatlar yaratmaqla hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun möhkəm təməlini təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasında yüz illər boyu bəşəriyyətin əldə etdiyi mütərəqqi dəyərlər öz əksini tapır. Konstitusiyada xalqın dövlət hakimiyyətinin yeganə mənbəyi olması, idarəçiliyin hakimiyyət bölgüsü əsasında təşkil olunması kimi təməl prinsiplər təsbit olunur, insan hüquq və azadlıqlarının müdafiəsi isə dövlət siyasətinin əsas istiqaməti, bütün dövlət orqanlarının fəaliyyətinin əsas məqsədi kimi müəyyən edilir.
Ölkəmizdə hüquqi islahatların həyata keçirilməsinin təmin edilməsi məqsədilə 1996-cı ildə Hüquqi İslahat Komissiyası yaradıldı. Həyata keçirilən islahatlar qanunların və digər normativ hüquqi aktların hazırlanması, hüquqi informasiya sisteminin genişləndirilməsi, məhkəmə və bütövlükdə hüquq-mühafizə sisteminin islahatı, qanunların əhali arasında təbliği və öyrənilməsi kimi mühüm tədbirləri özündə ehtiva edir. "Məhkəmələr və hakimlər haqqında", "Konstitusiya Məhkəməsi haqqında", "Prokurorluq haqqında", "Polis haqqında" Qanunlar və digər qanunların qəbul edilməsi ölkəmizdə məhkəmə-hüquq islahatları sahəsində atılan ilk, lakin çox vacib addım olmaqla müstəqil məhkəmə sisteminin yaradılmasına və fəaliyyət göstərməsinə imkan yaradıb.
Konstitusiyada bəyan edilmiş məhkəmə hakimiyyətinin müstəqilliyi qəbul edilmiş qanunlarda daha da inkişaf etdirilərək öz real təminatını tapmış və məhkəmə hakimiyyətinin müstəqilliyinə hüquqi zəmin yaradır. Bu sahədə qəbul olunmuş qanunlar isə yeni məhkəmə sistemini, onun təşkilati əsaslarını müəyyən edərək, məhkəmə və hakimlərin müstəqilliyinin təmin edilməsinə, hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminatın verilməsinə, məhkəmələrin fəaliyyətinin və hakimlərin statusunun beynəlxalq standartlara uyğunlaşdırılmasına yönəlib. Həyata keçirilən islahatlar nəticəsində prokurorun məhkəmədə tərəf kimi iştirak etməsi, ittiham tərəfi ilə müdafiə tərəfi arasındakı tarazlığın bərpa edilməsi və onların məhkəmə prosesində bərabər hüquqlara malik olması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi, məhkəmə icraatında qeyri-prosessual münasibətlərə yol verilməməsi və bu kimi yeni müddəalar məhkəmə-hüquq sistemində tətbiq edilməyə başlanıldı.
Nəzərə çatdırmaq lazımdır ki, məhkəmə hakimiyyəti, onun hüquqi dövlətdə rolu və yeri ilə bağlı əsas ideyalar Respublikanın Konstitusiyasına bünövrə kimi qoyulmuş konseptual əsaslardan irəli gəlir. Müstəqil Azərbaycanın Konstitusiyasında ilk dəfə olaraq Məhkəmə Hakimiyyəti anlayışı verilib. Bununla da cəmiyyətdə yaranan bütün hüquq münasibətlərinin həlli məsələsi məhkəmə orqanlarının səlahiyyətinə aid edilib. Məhkəmə hakimiyyətinə verilmiş yeni səlahiyyətlər nəzərə alınmaqla ölkə tarixində ilk dəfə olaraq Əsas qanunda hakimlərin sərbəstliyi və müstəqilliyinin vacib təminatı – onların dəyişməzliyi prinsipləri reallaşıb.
Konstitusiya normalarının həyata keçirilməsinin məntiqi nəticəsi kimi qısa müddət ərzində ölkədə demokratik, hüquqi dövlətin möhkəm təməli qoyulmuş, hüquq sistemində köklü dəyişikliklər həyata keçirilib, beynəlxalq təşkilatlar və ekspertlər tərəfindən yüksək qiymətləndirilən, insan hüquqlarının daha etibarlı təminatına xidmət edən, müasir tələblərə uyğun yeni qanunlar o cümlədən, Konstitusiya Məhkəməsi haqqında, Məhkəmələr və Hakimlər haqqında, Prokurorluq haqqında, Polis haqqında Azərbaycan Respublikasının Qanunları, Mülki, Mülki-Prosessual, Cinayət, Cinayət-Prosessual, Vergi, Gömrük və sair Məcəllələr qəbul edilib.
Konstitusiyada həmçinin insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədi, onları gözləmək və qorumaq isə qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcu olması təsbit edilib. Ulu öndər Heydər Əliyevin 1998-ci ilin fevral ayının 22-də imzaladığı "İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərmanı sözügedən sahədə kompleks tədbirlərin həyata keçirilməsinə təkan verib.
Qanunun aliliyinin təmin edilməsi, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının müdafiəsinin genişləndirilməsi məqsədi ilə 2000-ci ilin sentyabr ayında Azərbaycanda üçpilləli yeni məhkəmə sistemi yaradılaraq fəaliyyətə başlayıb. Ölkəmizdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin beynəlxalq standartlara müvafiq, test üsulu, habelə yazılı və şifahi imtahanlarla tam şəffaf şəraitdə seçimi aparılıb. Yeni qaydalara uyğun keçirilmiş imtahanların bütün mərhələlərini müşahidə etmiş bir çox təşkilatdan olan beynəlxalq və yerli müşahidəçilər onu ən şəffaf prosedur kimi yüksək dəyərləndirib və bir sıra inkişaf etmiş dövlətlərin belə tədbirin keçirilməsini yalnız arzu etdiyini bildirib.
Həyata keçirilən çoxşaxəli islahatların məntiqi nəticəsi olaraq Azərbaycan Respublikası 2001-ci ildə Avropa Şurasına tam hüquqlu üzv qəbul edilib və bu tarixi hadisə Respublikamızın beynəlxalq aləmdə demokratik, hüquqi, dünyəvi dövlət kimi tanınmasına səbəb olub.
Avropa Şurasına üzv qəbul olunduqdan sonra Azərbaycanın qısa müddət ərzində bir çox Avropa Konvensiyalarına, o cümlədən, 15 aprel 2002-ci ildə isə "İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasına qoşulması, insan hüquq və azadlıqlarının qorunması və inkişafı istiqamətində yeni mərhələdir.
Heydər Əliyev insan və vətəndaş hüquq və azadlıqlarının təminatlı müdafiəsində məhkəmə hakimiyyətinin rolunu artırmaq üçün ciddi islahatlar aparıb. Ölkədə hakim korpusunun formalaşmasında tamam yeni üsul və metodlardan istifadə edilib. Hakim vəzifəsinə ədalətli və şəffaf seçim məhkəmə-hüquq islahatlarının keyfiyyətlə aparılmasına təkan verib. Onun rəhbərliyi altında Azərbaycan dünyada insan hüquq və azadlıqlarının təməl prinsipi kimi qəbul edilən ən mühüm beynəlxalq konvensiyalara da imza atıb. Azərbaycanın tarixində ilk olaraq 1998-ci il iyul ayında konstitusiya nəzarəti orqanı-Konstitusiya Məhkəməsi yaradılıb. Məhkəmələr və hakimlər haqqında Qanunda hakimlərin toxunulmazlığı, dəyişməzliyi, şəxsi təhlükəsizliyi, onların fəaliyyətinə müdaxilənin yolverilməzliyi, hakimlərin siyasətsizləşdirilməsi, onların müsabiqə yolu ilə seçilib təyin edilməsi, maddi və sosial təminatlarının nəzərdə tutulması tədbirləri vasitəsi ilə hüquqi dövlətə xas olan məhkəmə sistemi müstəqilliyinin əsas prinsiplərini müəyyənləşdirib.
Qanunun aliliyinin təmin edilməsi, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının müdafiəsinin genişləndirilməsi məqsədi ilə 2000-ci ilin sentyabr ayında Azərbaycanda üçpilləli yeni məhkəmə sistemi yaradılaraq fəaliyyətə başlayıb.
Dövlət başçısı həyata keçirdiyi islahatları məhz ulu öndər Heydər Əliyevin müəllifi olduğu möhkəm təməl üzərində davam etdirir və yeni dövrün tələblərinə uyğun zənginləşdirməyə çalışır. Milləti Heydər Əliyev ideyaları ətrafında birləşdirən cənab İlham Əliyev özünü azərbaycanlı sayan, bu mənsubiyyətdən qürur duyan hər kəsi ulu öndərimizin işıqlı, nurlu arzularının, ideyalarının həyata keçirilməsi istiqamətində səfərbər edir.
Murad Aslanov
Lənkəran Rayon Məhkəməsinin hakimi
