Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görədir ki, bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ölkəmizin hər yerində və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunur. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edilmişdir.
Mənalı ömrünü doğma Vətəninə və millətinə fəda edərək adını müasir Azərbaycan tarixinə əbədi həkk etdirmiş Ümummilli Lider müstəqilliyimizin xilaskarı, milli dövlətçiliyimizin memarı və demokratik hüquqi dövlətin banisi olmaqla qədirbilən xalqımız tərəfindən daim yad edilir, misilsiz xidmətləri dərin minnətdarlıqla qeyd olunur. Tarixdə çox az dövlət xadimi tapılar ki, ölkənin hərtərəfli inkişafı onun adı ilə bağlı olsun. Ulu Öndər Heydər Əliyev Tanrının Azərbaycan xalqına bəxş etdiyi nadir tarixi şəxsiyyətlərdəndir.
Bəşəriyyətin çoxəsrlik tarixi təcrübəsi sübut edir ki, xalqların və dövlətlərin inkişafında liderlərin rolu əvəzsizdir. Güclü lideri olan dövlətlər və millətlər çox yüksək inkişaf yolu keçmiş və tarixi uğurlar əldə etmişlər. Belə liderlər bizim xalqın tarixində də yetişmiş, Azərbaycanımızın inkişafında, dövlətçiliyimizin yaranıb möhkəmlənməsində, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında əhəmiyyətli rol oynamışlar. Onların arasında öz işıqlı əməlləri ilə bu xalqı müstəqilliyə qovuşdurmuş, dövlətçiliyimizin daha da möhkəmlənməsində müstəsna xidmətləri olmuş Ulu öndər Heydər Əliyevin adı hər zaman qürur hissi ilə çəkilməkdədir. Azərbaycanın tarixi şəxsiyyətlərinin fövqündə yer alan bu dahi insanın xalqımız qarşısındakı xidmətləri ölçüyəgəlməzdir. Azərbaycan dövlətinin, müstəqilliyinin mövcudluğu üçün xalqımız məhz ümummilli lider Heydər Əliyevə borcludur.
Otuz ildən artıq bir müddətdə Azərbaycan dövlətçiliyinin taleyi dahi və uzaqgörən şəxsiyyət, öz xalqını və vətənini canından artıq sevən ən böyük azərbaycanlı, şərəfli adı bizim üçün həmişə əziz və unudulmaz olan Heydər Əliyevlə bağlı olmuşdur. Bu illər xalqımızın milli mənlik şüurunun oyanışı, azadlıq və müstəqillik hissinin güclənməsi, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatının vüsətli dirçəlişi ilə əlamətdar olmuşdur. Bütün həyatını və siyasi fəaliyyətini böyük tarixi keçmişi və zəngin mədəniyyəti ilə fəxr etdiyi xalqının və vətəninin tərəqqisinə həsr etmiş Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxaraq, ölçüyəgəlməz irəliləyişə nail olmuşdur.
İnsanda istedad və yaradıcılıq ilahi keyfiyyət hesab olunur. Allah bu keyfiyyəti yalnız özünün istəkli bəndələrinə verir. Heydər Əliyev müasir Azərbaycanda inkişaf etməkdə olan hüquqi dövlət quruculuğuna ilk növbədə xaraktercə yaradıcı şəxsiyyət olduğu üçün nail ola bilmişdir. Milli ideologiyamızın – azərbaycançılığın yaradıcısı kimi də tarixə düşmüş dahi lider vurğulayırdı ki, “mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır”. Bu mənada Heydər Əliyev müstəqil, demokratik, hüquqi bir dövlətin yaradıcısıdır.
Hər hansı bir ölkədə milli, demokratik, hüquqi, sivil, dünyəvi dövlət quruculuğu həmin ölkə xalqının tarixi inkişafından və hüquq mədəniyyətinin səviyyəsindən, habelə daxili və xarici vəziyyətindən asılı olaraq, müəyyən zaman, eləcə də müxtəlif xarakterli çətinlik və maneələri dəf etmək üçün xüsusi strategiya tələb edir. Heydər Əliyevin böyüklüyü onda idi ki, o həm, Azərbaycan xalqının daxili və xarici vəziyyətini özünün qətiyyəti və iradəsi ilə stabilləşdirə bildi, eyni zamanda ali məqsədi insan hüquq və azadlıqlarının təminatı olan dövlətimizin gələcək strategiyasını müəyyən etdi. Buna görə də ülu öndər daim vurğulayırdı ki, Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur.
Heydər Əliyev Azərbaycan xalqının milli şüurunu dirçəldərək, ona sivil, dünyəvi, hüquqi dövlətin nə olduğunu anlatmış, onda gələcəyə böyük ümidlərlə baxmaq hissləri yaratmışdır. Vətənə, xalqa, milli, müstəqil dövlətə şərəfli xidmət qanunun aliliyinə hörmətdən başlanır. Bu səbəbdən də ulu öndər hakimiyyətə gəldikdən sonra hər şeyə Ali Qanunun – Konstitusiyanın qəbulu ilə başladı. Böyük dövlət xadimi üçün əlbəttə ki, bu addım təsadüfi hesab oluna bilməzdi. O, gələcək hüquqi dövlətin təməl daşını – Konstitusiyanı formalaşdırmaqla ilk növbədə ölkəmizin suverenliyinə və müstəqilliyinə əbədilik qazandırdı.
Bu gün tam əminliklə demək olar ki, məhz ulu öndər Heydər Əliyevin titanik səyləri nəticəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə inamla irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradılmışdır. 1995-ci ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş ilk milli Konstitusiyamız xalqın keçdiyi tarixi yolun, müstəqillik uğrunda apardığı ardıcıl mübarizənin məntiqi yekunu olaraq demokratik dövlət quruculuğu prosesinin başlıca prinsiplərini, vətəndaşların fundamental hüquq və vəzifələrini müəyyən etmişdir. Əsas Qanunda respublikada müstəqil məhkəmə hakimiyyətinin formalaşdırılması ilə bağlı bir sıra mühüm müddəalar əksini tapmış, habelə bu qurumun dövlət idarəçiliyi sistemində layiqli yeri və rolu müəyyənləşdirilmişdir.
Ümumiyyətlə, dövlətçilikdə başlıca prinsiplərdən biri kimi ədalət¬li olmağı qəbul edən Heydər Əliyev həmin tələbi konkret tezis formasında məhkəmə sisteminin fəaliyyətinin təməlinə gətirdi. Azərbaycan dövlətçilik ənənəsinin əsas şərtlərindən olan həmin tezis sadə, lakin müdrikcəsinə dərin mənalıdır: "Ədaləti ədalətsizliklə bərpa etmək olmaz!"
Həmin tezis məntiqi olaraq məhkəmə fəaliyyətində iki aspekti önə çəkirdi: bi¬rincisi, məhkəmə sistemi istənilən situ¬asiyada və kimliyindən asılı olmayaraq hər bir insana qarşı ədalətli olmalıdır. İkincisi, tarixi vəziyyətin dəyişməsi ilə məhkəmə sistemi daim yeniləşməli, islahatlar aparılmalıdır. Birinci şərt Azərbaycanda dövlətçilik ənənəsinə sadiqliyi ifadə edirsə, ikinci şərt daim yeniləşən dünyada məhkəmənin də müasirləşməsi zərurətini ortaya qoyur.
Müstəqil Azərbaycan dövlət quru¬culuğu mərhələsində bu məqamların tarixi əhəmiyyəti konkret praktikada özünü qabarıq surətdə göstərməkdədir. Bu prosesin də bünövrəsini Heydər Əliyev qoymuşdur. Ümummilli lider bu prosesin müasir hüququn prinsiplərinə tam uyğun, demokratik dövlət qurucu¬luğu şərtləri daxilində həyata keçirilmə¬sinə birbaşa rəhbərlik etmişdir. 1995-ci ildə yeni Konstitusiyanın qəbul edilməsi vurğuladığımız kontekstdə hüquqi baza rolunu oynadı. Bununla müasir dövlətçilik tariximizdə ilk dəfə olaraq hakimiyyətin bölgü prinsipinin, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarının, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatının əsası qoyuldu.
Heydər Əliyev yeni Konstitusiyanın tarixi əhəmiyyəti barədə Konstitusiya layihəsini hazırlayan komissiyanın iclasında belə demişdir: "Haqqım var deyəm ki, çox zəhmət çəkmişəm. Hər bir kəlmənin, hər bir sözün mənasını dəfələrlə araşdırmışam, onun bu gün üçün, gələcək üçün nə qədər əsaslı olmasını dəfələrlə təhlil etmişəm. Mən çox rahatlıq hissi ilə bu layihənin altından imza atıram və bu layihəyə görə tam cavabdeh oldu¬ğumu bu gün bəyan edirəm. Hesab edirəm ki, biz Azərbaycanın bu günü, gələcəyi üçün çox böyük bir sənəd – siyasi, hüquqi sənəd yaratmışıq".
Ulu öndər hüquqi islahatları sis¬temli, ardıcıl formada davam etdirmək üçün bu prosesin institutlaşdırılmasına da güclü təkan verdi. 2000-ci ilin 01 sentyabrında qüvvəyə minmiş Cinayət və Cinayət – Prosessual Məcəllələri Azərbaycan məhkəmə sistemində köklü islahatların əsasını qoydu. Bu sahədə inqilabi dəyişiklər baş verdi, bu köklü islahatlar məhkəmə-hüquq sistemində sovet məcəllələrinə əlvida deməklə 1960-cı ildə qəbul olunmuş sovet idelogiyalı məcəllələri qüvvədən saldı. Yeni qanunvercilik bazası əsasında formalaşan məhkəmə hakimiyyəti zamanın tələblərinə uyğun olaraq öz fəaliyyətini formalaşdırmaqla məhkəmə proseslərinin real cəkişmə prinsipi əsasında həyata keçirilməsinə, hakimin arbitr rolunda neytrallığını qorumasında mühüm rol oynadı. Dövlət ittihamı və vəkillik instututları formalaşdı və bu iki institut arasında baş verən sağlam rəğabət və mübarizə qanuni, əsaslı və ədalətli məhkəmə qərarlarının çıxarılması ilə nəticələndi.
Azərbaycan ədalət mühakiməsi məkanında vahid məhkəmə təcrübəsinin formalaşdırılmasında və insanların məhkəmələrə inam və etimadının yüksəldilməsində həyata keçirilmiş məhkəmə-hüquq islahatlarının və məhkəmə hakimiyyətini təmsil edən hakimlərin rolu olduqca böyükdür. Bu ulu öndərin dərin zəkasının və uzaqgörən siyasətinin real və həyati nəticələridir.
Hüquqi sahədə islahatların mütəşəkkil aparılmasına xüsusi əhəmiyyət verən ümummili liderimiz demokratik təsisatların və qanunun aliliyi prinsiplərinin möhkəmləndirilməsi, hüquqi islahatların ardıcıl və keyfiyyətlə aparılması üçün yaradılmış Hüquqi İslahat Komissiyasına rəhbərliyi bilavasitə öz üzərinə götürdü, qısa müddət ərzində hüquq sisteminin təməlini təşkil edən mühüm qanun və məcəllələr qəbul edildi, məhkəmə və hüquq mühafizə orqanlarının funksiya və səlahiyyətlərinə yenidən baxıldı.
Ulu öndərin yüksək humanizminin nəticəsidir ki, 1993-cü ildən icrasına moratorium qoyulan ölüm cəzasının 1998-ci ildə ləğv edilməsi ilə Şərqdə ilk dəfə olaraq Azərbaycanda hər bir insanın ən ümdə haqqı olan yaşamaq hüququna əsaslı təminatlar verilmiş, insanın həyatdan məhrum edilməsi yolverilməz hesab edilmişdir. Eyni zamanda, ölkəmizdə əfvetmə institutunun bərpa edilməsi vətəndaşların dövlətə, onun rəhbərinə ümid və etimadını artırmışdır.
Prezident İlham Əliyev ulu öndərin bu istiqamətdə müəyyən etdiyi kurs əsasında məhkəmə sistemində isla¬hatları daha da genişləndirmiş və XXI əsr üçün onun konkret istiqamətlərini müəyyən etmişdir. Bu barədə dövlət başçısı Ali Məhkəmənin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda aşağıdakıları vurğulamışdır: "Məhkəmə hakimiyyətinin müstəqilliyinin möhkəmlənməsi, hüququn aliliyinin təmin edilməsi, məhkəməyə müraciət imkanlarının genişləndirilməsi, ədalət mühakiməsinin səmərəliliyinin və keyfiyyətinin artırılması, yüksək hüquqi biliklərə malik hakim korpusunun yaradılması, məhkəmə fəaliyyətinin yeni informasiya texnologiyalarının tətbiqi yolu ilə təkmilləşdirilməsi bu inkişaf prosesinin mühüm istiqamətləridir".
Əlbəttə, məhkəmə islahatları daimi prosesdir. Dövlət başçısı İlham Əliyev bu fikri belə ifadə etmişdir ki, "bu islahatların əvvəli var, amma sonu yoxdur".
Azərbaycan Prezidentinin müdrik siyasəti nəticəsində məhkəmə sistemi sahəsində əhəmiyyətli institusional tədbirlər görülmüşdür. Bu kontekstdə məhkəmə hakimiyyətinin müstəqil özünüidarə orqanı olan Məhkəmə-Hüquq Şurası və həmçinin Hakimlərin Seçki Komitəsinin yaradılmasını ayrıca vurğulamaq lazımdır. Hakimliyə namizədlərin ən mütərəqqi və şəffaf seçimi qaydası müəyyən olunmuşdur.
"Elektron məhkəmə" informasiya sisteminin yaradılması da bu bağlılıqda çox önəmli addımdır. Çünki bu fakt, ümumilikdə, elektron hökumətin fəaliyyətinin genişləndirilməsində, kadr seçimi ilə bağlı daha obyektiv və əsaslı qərarların qəbul edilməsində, rəqəmsal idarəetmə çərçivəsində rəqəmsal məhkəmənin formalaşdırılmasında olduqca geniş imkanlar meydana gətirmişdir.
Bu gün tam əminliklə deyə bilərik ki, hələ illər sonra da gələcək nəsillər dahi şəxsiyyət Heydər Əliyevin misilsiz xidməti nəticəsində yaradılmış yeni hüquq sisteminin bəhrəsini görəcək və onun Azərbaycanda demokratik hüquqi dövlət quruculuğu sahəsində əvəzsiz xidmətlərinin şahidi olacaqlar.
Yaratdığı dövlətin gələcəyinin parlaq olacağına əminliklə inanan dahi rəhbər deyirdi: "Azərbaycan dövlətinin müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır və Azərbaycanın bugünkü gənc nəsli gələcək Azərbaycanı daha da yüksəklərə qaldıracaqdır".
Ulu öndərin arzusuna uyğun olaraq Azərbaycanın yüksəkliklər fəth etməsi bu gün dünyanın hər yerindən görünməkdədir. Bütün bunların fonunda Azərbaycanda ali məhkəmə orqanının yara-dılmasının 100 illiyinin "Heydər Əliyev İli"ndə qeyd olunması təkcə rəmzi məna daşımır. Bu, həm də müstəqil Azərbaycanın demokratik, ədalətli və daim yeniləşən məhkəmə sisteminin qurucusunun ümummilli lider Heydər Əliyev olduğunu faktlarda təsbit edir!
Ulu Öndərin şah əsəri olan müstəqil Azərbaycan dövləti Heydər Əliyevin siyasi varisi Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müstəqil və uzaqgörən siyasəti sayəsində inamla irəliləyir və yeni-yeni uğurlara imza atır. Dövlət başçısının rəhbərliyi ilə qazanılan möhtəşəm nailiyyətlər və tarixi qələbələr Heydər Əliyev ideyalarının təntənəsidir. Xalqımızın milli sərvəti olan Heydər Əliyev irsi Azərbaycanın bu günü və gələcəyi üçün yeni imkanlar açır və qəti əminik ki, əbədiyaşar liderin miras qoyduğu zəngin və çoxşaxəli dövlətçilik irsi heç zaman tükənməyəcək və daim öyrənilərək ondan bəhrələniləcək.
Teyyub Muxtarov
Gəncə Apellyasiya Məhkəməsinin sədr müavini
