- 3 Aprel 14:47
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi İradə Həsənzadənin 65 yaşının tamam olması münasibətilə tədbir keçirilib.
E-huquq.az-ın əldə etdiyi məlumata görə, tədbirdə Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri İsmayıl Xəlilov, sədr müavini Şəlalə Həsənova, hakimlər və məhkəmə aparatı əməkdaşları iştirak edib.
İ.Həsənzadənin məhkəmə-hüquq sahəsindəki fəaliyyətindən bəhs olunub, onun şərəfli ömür yolu keçdiyi, hakim adını həmişə uca tutduğu vurğulanıb.
Tədbirdə çıxış edən İ.Həsənzadə Bakı Ağır Cinayətlər Məhkəməsində işlədiyi dövrün onun həyatında xüsusi bir səhifə olduğunu bildirib. Hakim ona göstərilən diqqət və qayğıya görə məhkəmənin rəhbərliyinə təşəkkür edib.
İ.Həsənzadə 1958-ci ildə anadan olub. O, Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Əmək fəaliyyətinə 1980-1982-ci illərdə Ədliyyə Nazirliyi yanında Notariat və VVA İdarəsində məsləhətçi kimi başlayıb. İ.Həsənzadə 2000-2007-ci illərdə Xətai Rayon Məhkəməsinin sədri, 2007-2008-ci illərdə Nizami Rayon Məhkəməsinin hakimi, 2008-2010-cu illərdə Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi olub. 2011-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsində çalışır.
Qeyd edək ki, "Məhkəmələr və hakimlər haqqında" qanuna əsasən, İ.Həsənzadə yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndəriləcək. O, icraatındakı sonuncu işləri yekunlaşdırdıqdan sonra hakimlik səlahiyyətləri sonlandırılacaq.
Şəbnəm Mehdizadə