Mayın 8-də Saatlı Rayon Məhkəməsində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
E-huquq.az-ın məlumatına görə, tədbirdə məhkəmənin hakimlərinin, məhkəmə aparatı işçilərinin və yerli ədliyyə orqanlarının əməkdaşları iştirak edib.
Saatlı Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən İxtiyar Abuşov tədbiri giriş sözü ilə açaraq Heydər Əliyevin həyatı və fəaliyyəti, yeni Azərbaycanın qurulmasında, onun müstəqilliyinin, iqtisadi-siyasi əsaslarının möhkəmləndirilməsində müstəsna xidmətləri, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rolu barədə ətraflı məlumat verib, ədliyyə orqanlarının formalaşmasında və inkişafında rolunu, həmçinin Azərbaycan xalqına diqqət və qayğısını vurğulayıb. İxtiyar Abuşov həmçinin, ümumilli liderin tükənməz dövlətçilik irsindən, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən bəhs edib, Heydər Əliyevin demokratik hüquqi dövlət quruculuğu konsepsiyasından danışaraq Ulu Öndərin müəllifi olduğu ilk milli Konstitusiyamızın, çoxsaylı mühüm qanun və məcəllələrin qəbulunu vurğulayıb, üç pilləli məhkəmə sisteminin bərqərar edildiyini diqqətə çatdırıb. İxtiyar Abuşov bundan başqa nitqində ümumilli liderin təməlini qoyduğu məhkəmə-hüquq islahatlarının bu gün də uğurla davam etdiyini, Prezident İlham Əliyevin siyasi iradəsi ilə hüquq sisteminin müasir çağırışlara uyğun inkişafı üzrə ardıcıl tədbirlərin görüldüyünü qeyd edərək məhkəmə fəaliyyətini tənzimləyən qanunvericiliyin təkmilləşdirildiyini, yeni məhkəmələr yaradıldığını, məhkəmə infrastrukturunun müasirləşdirildiyini, "Elektron məhkəmə" informasiya sisteminin geniş tətbiqini qeyd etmiş və cənab prezident İlham Əliyevin 03 aprel 2019-cu il tarixdə imzaladığı məhkəmə-hüquq sahəsində islahatların dərinləşdirilməsi haqqında Fərmanının icrası üzrə tədbirlərə toxunub.
Tədbirdə iştirak edən Saatlı Rayon Məhkəməsinin hakimi Mirlətif Sadıqov, Saatlı rayon İcra və Probasiya Şöbəsinin rəisi Araz Hüseynov, Saatlı rayon Notariat Ofisinin rəhbəri Niyazi Yusifli və digər şəxslər çıxış edərək Heydər Əliyevin özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında rolunu vurğulayıblar. Tədbir iştirakçıları həmçinin Heydər Əliyevin dövlətçilik salnaməmizdə silinməz izlər qoyduğunu, azərbaycanlı olması ilə ömür boyu fəxr etdiyini, milli qürur və iftixar mənbəyi olan Heydər Əliyevin bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edildiyini, xalqımızın onun əziz xatirəsini həmişə uca tutduğunu, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd etdiyini göstərmişlər. Tədbir iştirakçıları bundan başqa bu gün də Ulu Öndərin siyasi varisi, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən əsası Heydər Əliyev tərəfindən qoyulmuş məhkəmə-hüquq islahatlarının ardıcıl və məqsədyönlü şəkildə, uğurla davam etdirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıblar.
