Mayın 8-də Xəzər, Qaradağ, Pirallahı və Nizami rayon məhkəmələrinin sədrləri və hakimləri Ulu Öndərin anadan olmasının 100 illiyi ilə əlaqədar olaraq Fəxri Xiyabanda müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin məzarını ziyarət ediblər.
E-huquq.az xəbər verir ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyulub, onun əziz xatirəsi ehtiramla yad edilib.
Daha sonra hakimlər Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dönəmlərini əks etdirən, Heydər Əliyev irsinin araşdırılması, təbliği və fondlarda qorunması istiqamətində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzində olublar.
Burada ziyarətçilərə müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin keçdiyi həyat yolu, ölkəmizin hərtərəfli inkişafında göstərdiyi misilsiz xidmətləri haqqında məlumat verilib, Mərkəzin fəaliyyət istiqamətlərini diqqətə çatdırılıb. Sonda Ulu Öndərin siyasi irsini təbliğ edən əyani vəsaitlərə baxış keçirilib.
