- 10:27
“Şəxsiyyət xalqın məşəlidir, onsuz irəli yol yoxdur, toplumlar görə bilməz. Onlar səma adamlarıdır, yerə müəyyən missiya üçün göndərilmişlər”.
Xalqımız üçün xilaskarlıq missiyası rolunu oynamış Heydər Əliyev belə şəxsiyyətlərin fövqündə dayanır. Azərbaycan xalqı əsrlər boyu milli azadlıq hüququnu təmin etmək, müstəqillik haqqına nail olmaq arzusu ilə yaşamışdır, müstəqil Azərbaycanı parçalanmaqdan, vətəndaş müharibəsindən, məhz Heydər Əliyev çıxardı və xilaskarlıq missiyasını yeni zaman müstəvisində davam etdirərək müstəqil Azərbaycan dövlətinin memarı oldu. Ömürünün 40 ilə yaxın bir dövrünü xalqının rifahına həsr etmiş Ulu Öndər, müasir dövlətçiliyimizin ideoloji-siyasi əsaslarının əsasını qoymuş, xalqı həqiqi müstəqilliyə qovuşduraraq onun qəlbində silinməz izlər buraxmışdır.
Ümummilli lider öz çıxışlarında həmişə vurğulamışdır ki, insan hüquq və azadlıqlarının təmin edilməsi, hüquqi demokratik və dünyəvi dövlət yaradılması, vətəndaş cəmiyyətinin qurulması həmişə bəşəriyyəti düşündürən problemlərdən olmuşdur. Heydər Əliyev bu istiqamətdə ardıcıl siyasət yeridərək, ilk növbədə ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaradılmasını təmin etdi. 1995-ci ilin noyabrında referendum yolu ilə Azərbaycanın Konstitusiyası qəbul edildi. Azərbaycanın müstəqillik dövründə qəbul etdiyi bu birinci Konstitusiya həm bütün qabaqcıl demokratik ölkələrin qanunvericiliyində təsbit olunan, həm də beynəlxalq hüquq və normalarda nəzərdə tutulan insan hüquq və azadlıqlarının geniş əhatəsini özündə əks etdirən ilk hüquqi sənəd olmuşdur. Baxmayaraq ki, 1995-ci ildə biz hələ ağır iqtisadi vəziyyətdə yaşayırdıq, ictimai-siyasi vəziyyət ardıcıl surətdə sabitləşdirildi. Bunların hamısı bizə Azərbaycanın iqtisadiyyatını inkişaf etdirmək, Azərbaycana xarici investisiyanın cəlb edilməsini təmin etmək, Azərbaycanın ordusunu yaratmaq, onu möhkəmləndirmək və insanların rifah halını yaxşılaşdırmaq üçün imkanlar yaratdı. Yeni Konstitusiyamıza əsaslanaraq mükəmməl hüquq sistemi formalaşdırmaq üçün Ulu Öndər qabaqcıl beynəlxalq təcrübəni, ümumbəşəri demokratik prinsipləri rəhbər tutmaqla, Azərbaycan xalqının dövlətçilik tarixi və ənənələri əsasında islahatlar aparmağa başladı və bu məqsədlə 1996-cı ildə Hüquqi İslahat Komissiyası yaratdı. Hərtərəfli fəaliyyət, gərgin zəhmət nəticəsində "Konstitusiya Məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Prokurorluq haqqında", "Polis haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında" və hüquq sisteminin mahiyyətini müəyyən edən digər qanun və bütün əsas məcəllələrin layihələri hazırlandı və nüfuzlu beynəlxalq qurumlarda ciddi ekspertizadan sonra qəbul edildi. 1995 və 2000-ci illərdə çoxpartiyalılıq əsasında parlament seçkiləri keçirildi və Konstitusiya Məhkəməsi fəaliyyətə başladı,
1998-ci il fevralın 10-da Şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm cəzası ləğv edildi. Bununla əlaqədar Ulu Öndər deyirdi: “Mən cinayət-hüquq siyasətinin idealarına sadiq qalaraq ölkəmizdə ölüm cəzasının ləğv edilməsi qənaətinə gəlib bu tarixi bəyanatı vermişəm”. Bu qərar bütün dünyaya bir daha bəyan etdi ki, Azərbaycan hüquqi-demokratik dövlət quruculuğu yolu ilə inamla addımlayır. Ulu Öndər H.Əliyev insan və vətəndaş hüquq və azadlıqlarının təminatı və müdafiəsinə yönəlmiş və bununla bağlı məhkəmə hakimiyyətinin rolunu artırmaq üçün köklü islahatlar həyata keçirmişdir. Böyük Öndərimizin 22 fevral 1998-ci il tarixli “İnsan və vətəndaş hüquqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərmanı da hüquq islahatları baxımından mühüm əhəmiyyət kəsb edən tarixi sənədlərdəndir. Bu fərmanda ölkəmizdə insan hüquq və azadlıqlarının cəmiyyətimizdə əsas meyar olduğu xüsusilə vurğulanmış, icra strukturlarının vəzifələri müəyyən edilmişdir. 2000-ci ildə ilk dəfə olaraq üçpilləli məhkəmə sistemi yaradılmışdır. Bu sistemin üstünlüyü ondan ibarətdir ki, hər kəsin hüquq və azadlıqlarının məhkə¬mədə müdafiəsinə, həmçinin məhkəmə qərarlarından şikayət vermək hüququ təmin edilir, işlərə birinci instansiya qaydasında baxılmasına, bundan sonra onların hüquqa və fakta görə apellyasiya qaydasında yoxlanılmasına, daha sonra isə məhkəmə qə¬rarlarına hüquqa görə kassasiya qaydasında yenidən baxılmasına imkan verilir. Bu isə öz növbəsində birinci instansiya məhkəməsinin buraxdığı səhvlərin yuxarı məh¬kəmə instansiyalarında aradan qaldırılmasına, işlərin mahiyyətcə və prosessual ba¬xım¬dan düzgün və obyektiv həll edilməsinə zəmin yaradır. Ölkədə hakim korpusunun formalaşmasında tamamilə yeni üsul və metodlardan istifadə edilmişdir. Hakim vəzifəsinə ədalətli və şəffaf test üsulu ilə seçimi aparıldı və nəticədə hakim korpusu 60 faiz təzələndi. Ulu Öndərin rəhbərliyi altında Azərbaycan dünyada insan hüquq və azadlıqlarının təməl prinsipi kimi qəbul edilən ən mühüm beynəlxalq konvensiyalara da imza atmışdır.
Qısa zaman ərzində respublikada nəinki sosial sabitliyə nail olundu, eyni zamanda, 1990-cı illərdə şəhid ailələrinin və müharibə ilə əlaqədar əliliyi olan vətəndaşların dövlət hesabına mənzillərlə, müharibə ilə əlaqədar əliliyi olan vətəndaşların minik avtomobilləri ilə təminatı, fiziki məhdudiyyətli insanların qabiliyyət və istedadlarının tanıdılması üçün ümumrespublika tədbirlərin təşkili işlərinə başlanılmaqla, bu işlər ildən-ilə gücləndirildi. Onun başladığı köklü islahatların nəticəsidir ki, müasir Azərbaycan hüquq sisteminin inkişafı davamlı prosesə çevrilmişdir.
Artıq dünyanın bütün qurumlarında Heydər Əliyevin ucadan gələn səsi Azərbaycan həqiqətlərini dünyaya tanıtmağa başladı. Ölkəmiz beynəlxalq təskilatlar və dünya dövlətləri tərəfindən tanındı, beynəlxalq ictimai rəydə respublikamız haqqında müsbət fikir formalaşdırıldı, vətənimizdə hüquqi, demokratik dövlət quruculuğu geniş vüsət aldı. Elə bunlara görədir ki, Heydər Əliyev ideyaları bu gün də yaşayır və qalib gəlir. Çünki Ulu Öndər Azərbaycanda hamının eyni dərəcədə inandığı bir ideologiyanın müəllifidir.
Ümummilli liderimiz “Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olur” - kəlamı ilə bütün dünyaya sübut etdi ki, Azərbaycan kiçik olmasına baxmayaraq, onunla hesablaşmaq lazımdır. Və Azərbaycanı elə bir səviyyəyə qaldırdı ki, dünyanın nəhəng dövlətləri onunla hesablaşmağa məcbur oldular. Odur ki, bu gün Azərbaycan Heydər Əliyevin sayəsində dünyada söz sahibidir. Bu isə o deməkdir ki, Heydər Əliyev Azərbaycanın müstəqillik, ləyaqət və cəsarət simvoludur. Ona görə də Heydər Əliyevi anadan olmasının 100 illik yubileyi münasibəti ilə yüksək hörmət və ehtiramla anmaq Ulu Öndərin xidmətlərindən bəhrələnən hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Çünki bu, yalnız bir yubiley tədbiri deyil, həm də Heydər Əliyevin fenomenal şəxsiyyətinə xalq tərəfindən verilən yüksək qiymətdir. Başa vurduğumuz 100 ilə nəzər saldıqda Azərbaycan tarixinə Heydər Əliyev qədər müdrik, uzaqgörən liderin gəlmədiyni görmək olar. Təsadüfi deyil ki, dünyanın nüfuzlu siyasətçiləri, strateqləri Heydər Əliyev şəxsiyyətini dünyanın ən güclü siyasətçisi olduğunu bəyan edirlər. Bu, Ümumilli liderin Azərbaycan xalqının xilaskarı və müstəqil dövlətinin memarı olmasına beynəlxalq səviyyədə verilən siyasi dəyərin təzahürüdür.
Şahəli Musayev
Şirvan İnzibati Məhkəməsinin hakimi