"Kassasiya icraatına dair qaydalar daim təkmilləşir. Xüsusilə, Prezident İlham Əliyevin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 3 aprel 2019-cu il Fərmanından sonra kassasiya icraatına dair normalara mühüm dəyişikliklər edilib".
E-huquq.az xəbər verir ki, bunu Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri Hafiz Nəsibov Real TV-də yayımlanan "Femida vaxtı" verilişində deyib.
O bildirib ki, qanunvericiliyə edilən dəyişikliklər mütərəqqi dəyişiklikdir.
"Kassasiya müraciətlərinin mümkünlüyünün yoxlanılmasına dair normalara ciddi dəyişiklik edilib. Əgər əvvəllər kassasiya müraciəti birbaşa Ali Məhkəməyə verilirdisə və mümkünlük məsələsi Ali Məhkəmə tərəfindən həll olunurdusa, artıq kassasiya müraciətləri apellyasiya instansiyası məhkəməsi vasitəsilə verilir və həmin məhkəmə tərəfindən onların mümkünlüyü məsələsi yoxlanılır. Beləliklə, kassasiya müraciətlərinə daha çevik, daha tez baxmaq imkanı yaradılıb. Ali Məhkəmənin Cinayət Kollegiyasının hakimləri kassasiya müraciətləri ilə bağlı cinayət işlərinin öyrənilməsi üçün daha çox vaxt əldə ediblər.
Eyni zamanda kassasiya müraciətlərinin verilməsi müddətlərinə dair mühüm dəyişikliklər edilib. Məhkumun vəziyyətinin pisləşdirilməsinə dair kassasiya müraciətləri əgər əvvəllər bir il ərzində verilə bilərdisə, artıq bu müddət 6 ayadək azaldılıb. Apellyasiya instansiyası məhkəməsinin bəraət hökmlərindən, cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarlardan isə kassasiya müraciətlərinin verilməsi 6 aydan 3 ayadək azaldılıb. Eyni zamanda məhkumun vəziyyətinin yaxşılaşdırılmasına dair kassasiya müraciətlərinin verilməsi müddəti 12 ay olaraq müəyyən edilib. Əvvəl bu müddət 18 ay idi.
Bununla yanaşı, Cinayət Prosesual Məcəlləsinə belə bir dəyişiklik edilib ki, artıq cəzaçəkmə müəssisəsində olan məhkumlar appelyasiya instansiyası məhkəməsinin qərarının çıxarıldığı tarixdən deyil, həmin qərar onlara verildiyi vaxtdan qeyd etdiyim müddət daxilində kassasiya şikayəti ilə müraciət edə bilərlər. Beləliklə, onların da məhkəməyə çatımlılıq imkanları da daha da yaxşılaşdırılıb. Ümumiyyətlə, edilmiş bütün dəyişikliklərin başlıca məqsədi kassasiya icraatının çevikliyini təmin etmək, cinayət prosesi iştirakçılarının hüquqlarının kassasiya icraatı mərhələsində daha yaxşı təmin etmək onların qanuni mənafelərini daha yaxşı qorumaqdır", – deyə H.Nəsibov qeyd edib.
Şəbnəm Mehdizadə
