Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Zülfüqar Sadiqov Konstitusiya Məhkəməsinə müraciət edib.
E-huquq.az xəbər verir ki, müraciətdə hakim məhkəmə qərarlarının icrası zamanı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 228-232-ci və 236-cı maddələri ilə nəzərdə tutulmayan hallarda icra məmurunun qərarından və hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 26, 78.1 ve 87.1-ci maddələrinin və "İcra məmurları haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin qeyd olunan normaları ilə əlaqəli şəkildə şərh edilməsini xahiş edib.
Həmin müraciəti təqdim edirik:
"Borclu "XXXXX" Açıq Səhmdar Cəmiyyəti 09 fevral 2023-cü ildə şikayət ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, Sumqayıt Yerli İqtisad Məhkəməsinin 2(85)XXXXXX/2009 saylı icra sənədi üzrə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin "7% icra ödənişi tutulması" haqqında 21 yanvar 2010-cu il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir.
Sumqayıt Kommersiya Məhkəməsinin 10 fevral 2023-cü il tarixli 8-XXXX/2023 nömrəli qərardadı ilə "mülki məhkəmə icraatı qaydasında Sumqayıt Kommersiya Məhkəməsində baxılmasının yolverilməzliyi" əsası ilə həmin şikayətin icraata qəbul olunmasından imtina edilərək, şikayətin əlavə edilmiş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılması qərara alınmış və həmin qərardad – "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 87.1-ci maddəsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun icra haqqında" Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair" 04 aprel 2012-ci il tarixli və "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 7, 10, 24 ve 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair" 02 sentyabr 2015-ci il tarixli Qərarları ilə əsaslandırılmışdır. Borclu "XXXXX" ASC Sumqayıt Kommersiya Məhkəməsinin 10 fevral 2023-cü il tarixli 8-XXXXX/2023 nömrəli qərardadından şikayət verərək, həmin qərardadın ləğv olunmasını xahiş etmişdir.
Sumqayıt Kommersiya Məhkəməsinin 16 fevral 2023-cü il tarixli qərardadı ilə borclu "XXXXX" ASC tərəfindən verilmiş şikayət təmin olunmamış ve həmin şikayət Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 269-cu maddəsinin tələblərinə uyğun olaraq iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 13 mart 2023-cü il tarixli 8-XXXXX/2023 nömrəli qərardadı ilə Sumqayıt Kommersiya Məhkəməsinin 10 fevral 2023-cü il tarixli 8-XXXXX/2023 nömrəli qərardadı ləğv edilərək, "Sumqayıt Yerli İqtisad Məhkəməsinin 2XXXXX/2009 saylı icra sənədi üzrə Sumqayıt şəhəri üzrə İcra Idarəsinin "7% icra ödənişi tutulması" haqqında 21 yanvar 2010-cu il tarixli qərarının ləğv edilməsi barədə borclu "XXXXX" ASC-nin şikayətinin baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə qaytarılması qərara alınmış və apellyasiya instansiyasi həmin qərardadını Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ""İcra haqqında" Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair" 10 oktyabr 2017-ci il tarixli Qərarı ilə əsaslandırmışdır.
Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 13 mart 2023-cü il tarixli 8-XXXXX/2023 nömrəli qərardadının tələblərinə uyğun olaraq, həmin iş Sumqayıt Kommersiya Məhkəməsinə qaytarıldıqdan sonra borclu "XXXXX" ASC-nin "Sumqayıt Yerli İqtisad Məhkəməsinin 2XXXXX/2009 saylı icra sənədi üzrə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin "7% icra ödənişi tutulması" haqqında 21 yanvar 2010-cu il tarixli qərarının ləğv edilməsi" barədə şikayətinə mahiyyəti üzrə baxılması üçün müvafiq qaydada məhkəmə iclası təyin edilmişdir.
Məlum şikayətə məhkəmə iclasında mahiyyəti üzrə baxılarkən icra sənədinin icrası zamanı icra məmuru tərəfindən qəbul edilmiş "7% icra ödənişinin tutulması" haqqında qərardan borclu "XXXXX" ASC tərəfindən verilmiş həmin şikayətin aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəmə tərəfindən baxılaraq həll edilməsinin qanunvericilik və insan hüquq və azadlıqları baxımından mühüm əhəmiyyətə malik olması müəyyən edildiyindən və eyni zamanda icra məmurlarının icra işləri üzrə qəbul etdiyi müxtəlif xarakterli qərarlardan və yaxud icra məmurlarının hərəkətlərindən (hərəkətsizliyindən) verilən şikayətlərin baxılmasının prosessual qaydaları müvafiq qanunvericilik normalarında ayrı-ayrılıqda nizamlanmadığına və belə şikayətlərin məhkəmə təcrübəsində tez-tez təkrarlandığına, lakin bu kimi şikayətlər verilərkən müvafiq səlahiyyətli məhkəmənin seçilməsində fikir ayrılıqları və çətinliklər yarandığına görə bu sahəni nizamlayan qanunvericilik normalarının əlaqəli şəkildə şərh edilməsi üçün Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinə müraciət olunması zərurəti yaranmışdır.
Belə ki, iş materialları ilə müəyyən olunur ki, Sumqayıt Yerli İqtisad Məhkəməsinin 14 may 2009-cu il tarixli 2(85)-170/2009 nömrəli qətnaməsi ilə cavabdeh "XXXXX" Açıq Cəhmdar Cəmiyyətindən iddiaçı "YYYYY" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 150922,80 (yüz əlli min doqquz yüz iyirmi iki manat 80 qəpik) manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Qanuni qüvvəsini aldıqdan sonra həmin Qətnamə əsasında borclu "XXXXX" ASC-dən tələbkar "YYYYY" MMC-nin xeyrinə 150922,80 manat məbləğində pul vəsaitinin tutulması üçün 06 yanvar 2010-cu ildə 2(85)XXX/2009 nömrəli icra vərəqəsi verilmiş və Sumqayıt şəhəri üzrə icra İdarəsinin 11 yanvar 2010-cu il tarixli qərarına əsasən həmin icra sənədi üzrə icraata başlanıb, könüllü icra üçün borclu "XXXXX" Açıq Cəhmdar Cəmiyyətinə 5 (beş) gün vaxt verilmişdir. Bundan sonra isə Sumqayıt şəhəri üzrə icra İdarəsinin 21 yanvar 2010-cu il tarixli qərarı ilə Sumqayıt Yerli İqtisad Məhkəməsinin 14 may 2009-cu il tarixli 2(85)XXX/2009 nömrəli qətnaməsi əsasında verilmiş icra sənədinin könüllü icra edilməsi barədə bildiriş Borcluya göndərilsə də, borc öhdəliyi könüllü icra müddəti ərzində icra edilmədiyinə görə "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsinə əsasən borclu "XXXXX" ASC-dən icra sənədi üzrə tutulmalı olan 150922,80 manat məbləğində borcun 7 %-i həcmində (10564 manat məbləğində) icra ödənişinin tutulması qərara alınmışdır.
İş materiallarında olan borclu "XXXXX" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Sumqayıt şəhəri üzrə İcra İdarəsinə ünvanlanmış 23 noyabr 2011-ci il tarixli AZB-01/629 nömrəli məktubun məzmunu ilə müəyyən olunur ki, Sumqayıt Yerli İqtisad Məhkəməsinin 14 may 2009-cu il tarixli 2(85)-XXX/2009 nömrəli qətnaməsi əsasında verilmiş icra vərəqəsində nəzərdə tutulan borc məbləği borclu "XXXXX" ASC tərəfindən tələbkar "YYYYY" MMC-yə ödənilmişdir.
İş materiallarında olan Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən "XXXXX" Açıq Səhmdar Cəmiyyətinə ünvanlanmış 17 yanvar 2023-cü il tarixli 419/20 nömrəli məktubun məzmunu ilə müəyyən olunur ki, Sumqayıt Yerli Iqtisad Məhkəməsinin 14 may 2009-cu il tarixli 2(85)XXX/2009 nömrəli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə 10564 manat məbləğində (ümumi borcun 7 % həcmində) icra ödənişinin ödənilməsinin təmin edilməsi borclu "XXXXX" ASC-dən tələb olunmuşdur.
Məlum icra sənədi üzrə borclu "XXXXX" ASC ise 09 fevral 2023-cü ildə şikayət ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, Sumqayıt Yerli iqtisad Məhkəməsinin 2(85)XXX/2009 saylı icra sənədi üzrə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru tərəfindən qəbul edilmiş "7% icra ödənişi tutulması" haqqında 21 yanvar 2010-cu il tarixli qərarının ləğv olunmasını xahiş etmişdir.
Həmin şikayətdə ləğv olunması tələb olunan icra məmurunun qərarı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 228 232-ci və 236-cı maddələri ilə nizamlanan məsələlərə aid olmadığından, "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 87.1-ci maddəsinin tələbləri baxımından və həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair 04 aprel 2012-ci il tarixli, ""İcra haqqında" Azərbaycan Respublikası Qanununun 7, 10, 24 ve 26-cı maddələrinin. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair" 02 sentyabr 2015-ci il tarixli və ""İcra haqqında" Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair" 10 oktyabr 2017-ci il tarixli Qərarları nəzərə alınmaqla, Sumqayıt Kommersiya Məhkəməsinin 10 fevral 2023-cü il tarixli 8-XXX/2023 nömrəli qərardadı ilə həmin şikayətin icraata qəbul olunmasından imtina edilərək, şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmış və şikayətçiyə izah edilmişdir ki, məlum şikayət icra məmurunun olduğu yer üzrə müvafiq İnzibati Məhkəməyə verilə bilər.
Lakin, borclu "XXXXX" ASC tərəfindən verilmiş şikayət əsasında qəbul edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 13 mart 2023-cü il tarixli 8-2(105)-3/2023 nömrəli qərardadı ilə Sumqayıt Kommersiya Məhkəməsinin 10 fevral 2023-cü il tarixli 8-2(119)-4/2023 nömrəli qərardadı ləğv edilmiş və "Sumqayıt Yerli İqtisad Məhkəməsinin 2(85)-170/2009 saylı icra sənədi üzrə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin "7% icra ödənişi tutulması" haqqında 21 yanvar 2010-cu il tarixli qərarının ləğv edilməsi barədə şikayətin İnzibati Məhkəmədə deyil, Sumqayıt Kommersiya Məhkəməsində baxılmalı olması qərara alınmışdır.
Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası həmin qərardadında bu nəticəni – Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ""İcra haqqında" Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair" 10 oktyabr 2017-ci il tarixli Qərarının təsviri-əsaslandırıcı hissəsində qeyd olunan "Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilmesi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir" kimi ifadə olunmuş hüquqi mövqe ilə əsaslandırmışdır.
"İcra haqqında" Azərbaycan Respublikası Qanununun 87.1-ci maddəsinə əsasən, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair" 04 aprel 2012-ci il tarixli Qərarında qərara alınmışdır ki, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 7, 10, 24 ve 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair" 02 sentyabr 2015-ci il tarixli Qərarında qərara alınmışdır ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Icra haqqında" Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair" 10 oktyabr 2017- ci il tarixli Qərarında qərara alınmışdır ki, "Icra haqqında" Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər.
Göründüyü kimi, məhkəmələr bəzi hallarda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "İcra haqqında" Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair" 10 oktyabr 2017-ci il tarixli Qərarında formalaşmış hüquqi mövqeyi təcrübədə fərqli tətbiq edərək, yuxarıda qeyd olunan həmin mövqeyi yalnız "İcra haqqında" Azərbaycan Respublikası Qanunun 20-ci maddəsi ilə əlaqədar deyil, məhkəmə qərarlarının icrası zamanı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrin hamısına aid edirlər.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində İş üzrə qətnamə qəbul edildikdən sonra qətnamədə və qərardadda yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamə və əlavə qərardad qəbul edilməsi (maddə 229), qətnamənin və ya qərardadın izah edilməsi (maddə 230). qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması (maddə 231), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) və qətnamənin icrasının temini (maddə 236) kimi işlərin mülki icraatda baxılmasının prosessual qaydaları təsbit edilmişdir. Lakin, qanuni qüvvəsini almış qətnamə əsasında verilmiş icra sənədinin icrası mərhələsində icra məmurunun bir sıra müxtəlif xarakterli qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrin aidiyyəti üzrə hansı məhkəmələr tərəfindən baxılmalı olması qanunvericilik tərəfindən nizamlanmamışdır. Bu səbəbdən də belə xarakterli işlərə hansı məhkəmə tərəfindən, yəni icra sənədini vermiş məhkəmə, yaxud inzibati məhkəmə tərəfindən baxılmalı olmasına müxtəlif yanaşmalar mövcuddur.
Bundan əlavə, Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan bu xarakterli işlərlə bağlı qeyd etmək lazımdır ki, 2023-cü il üzrə məhkəmənin icraatında "7% icra ödənişinin tutulması" ilə əlaqədar qəbul edilmiş icra məmurlarının qərarlarından verilən şikayətlərlə əlaqədar dörd iş var və həmin işlər üzrə şikayətlər Sumqayıt Kommersiya Məhkəməsinin qərardadları ilə "inzibati məhkəmələrdə baxılmalı olması" əsası ilə qaytarılsa da, bu qərardadlar Apellyasiya İnstansiyası tərəfindən ləğv edilmişdir. Halbuki, 2022-ci ildə məhkəmənin icraatında olan 8-2XXXXXX/2022 nömrəli iş üzrə qəbul edilmiş Sumqayıt Kommersiya Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli qərardadı ilə borclu Əkbərov Fikrət Əsgər oğlunun "daşınmaz əmlakların hərraca çıxarılması ilə əlaqədar Abşeron rayon İcra və Probasiya şöbəsi tərəfindən göndərilmiş "Sifariş"in qanunsuz hesab edilərək ləğv edilməsi və İcra Şöbəsinə qanunda nəzərdə tutulan "Sifariş" məktubunun göndərilməsi vəzifəsinin həvalə edilməsi" barədə şikayətinin icraata qəbul olunmasından "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 87.1-ci maddəsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun icra haqqında" Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair" 04 aprel 2012-ci il tarixli və "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair" 02 sentyabr 2015-ci il tarixli Qərarları ilə əsaslandırılmaqla, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinin tələblərinə əsasən imtina edilmiş və həmin qərardaddan verilmiş şikayət isə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 09 dekabr 2022-ci il tarixli 8-2XXXXXX/2022 nömrəli qərardadı ilə təmin edilməmişdir.
Yəni, məhkəmə təcrübəsində formalaşmış müəyyən hüquqi mövqeyə görə məhkəmə qərarlarının icrası ilə bağlı icra məmurlarının qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) verilən şikayətlər təbiətinə və məzmununa görə inzibati xarakter daşıdığından inzibati məhkəmələrdə mübahisələndirilməli olduğu halda, başqa bir hüquqi mövqeyə görə məhkəmənin qəbul etdiyi qərarların icrasına nəzarət funksiyasının həyata keçirilməsi üçün icra məmurunun bütün növ qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) edilən şikayətlərə məlum qərarı qəbul etmiş məhkəmənin özü tərəfindən baxılmalıdır.
"Icra haqqında" Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir.
Həmin Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir.
Həmin Qanunun 78.1-ci maddəsinə əsasən, icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən on bir manat, borclu hüquqi şəxsdən isə əlli beş manat miqdarında icra ödənişi alınır.
"İcra məmurları haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, icra məmurlarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. Yuxarı vəzifəli şəxsə icra məmurlarından şikayət vermə, şikayət edən şəxsin məhkəməyə müraciət etməsi üçün maneə törətmir.
"İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs hesab edilir.
Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən Ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tedbiridir.
Həmin Qanunun 3.1-ci maddəsinə əsasən, "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 88-ci maddəsinə əsasən, maraqlı şəxs məcburi icra tədbirlərinin tətbiq edilməsi haqqında inzibati aktdan bu Qanunun VII fəslində nəzərdə tutulmuş qaydada yuxarı inzibati orqana və ya Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş "İnzibati orqanların Təsnifatı"nın 2-ci hissəsinin 2-ci bəndinin 2.1.1-ci yarımbəndinə əsasən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidməti – inzibati orqandır.
Beləliklə də, hazırkı mübahisəli məsələ ilə bağlı aparılmış müzakirələr zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 87.2-ci ve Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair" 04 aprel 2012-ci il tarixli, ""İcra haqqında" Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli və "İcra haqqında" Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli Qərarlarındakı hüquqi mövqelər də borclu "XXXXX" ASC-nin "Sumqayıt Yerli İqtisad Məhkəməsinin 2(85)XXXX/2009 saylı icra sənədi üzrə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin "7% icra ödənişi tutulması" haqqında 21 yanvar 2010-cu il tarixli qərarının ləğv edilməsi" barədə şikayətinə hansı məhkəmə tərəfindən baxılmalı olmasında vahid nəticəyə gəlinməsi üçün qənaətedici olmamışdır. Bu isə, hazırkı mərhələdə olduqca zəruri olan vahid məhkəmə təcrübəsinin yaranmasına, hüquqi məsələlərin həllində sabitliyin, eləcə də hüquq normalarının tətbiqinin proqnozlaşdırılan olması və hüquqi müəyyənlik kimi ədalət mühakiməsinin fundamental prinsiplərinə xələl gətirir.
Azərbaycan Respublikası Konstitusiyasının "məhkəmə aidiyyətinin dəyişdirilməsinə yol verilməməsinin" təsbit olunduğu 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir.
Qeyd etmək lazımdır ki, hal-hazırda "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 87.1-ci maddəsində birbaşa olaraq icra sənədinin icra olunması ilə bağlı "icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu tərəfindən icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə" şikayət verilə bilməsi nəzərdə tutulduğu və Mülki-Prosessual Məcəllədə isə dolayı yolla olsa belə, icra məmurunun hər hansı hərəkət və qərarından verilmiş şikayətlərə baxılması (baxılmasının prosessual qaydaları) nəzərdə tutulmadığı halda, hansı əsasla icra məmurunun qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) verilən şikayətlərə (icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar istisna olmaqla) icra sənədini vermiş məhkəmə tərəfindən baxılmalı olmasına aydınlıq gətirilməlidir. Çünki, məhkəmələr arasında icra məmurunun hərəkətlərinin və icra məmuru tərəfindən qəbul edilmiş (icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar istisna olmaqla) qərarlardan şikayətin məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə xidmət etməsi və ya məzmununa görə mülki-prosessual ve yaxud inzibati-prosessual xarakter daşıması barədə fikir ayrılığı vardır. Halbuki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunduğundan, mübahisəyə baxmalı olan məhkəmənin müəyyən olunmasında qeyri-müəyyənlik və yaxud fikir ayrılıqları məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarada və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsini mümkünsüz edər. Ona görə də, icra sənədinin icrası zamanı icra məmurunun öz vəzifə səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarlarında nəzərdə tutulmayan mübahisələrə aid olan digər qərar və hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrin, o cümlədən də "7% icra ödənişinin tutulması ilə əlaqədar qəbul edilmiş qərarlardan verilən şikayətlərin mahiyyət və məzmununa görə mülki (kommersiya) və yaxud inzibati xarakter daşıyıb-daşımamasına aydınlıq gətirilməli, məhkəmə qərarlarının icrası ilə əlaqədar Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 228 232 ve 236-cı maddələri ilə nizamlanmayan hallar üzrə icra məmurunun qərarından (icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar istisna olmaqla) və hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 26, 78.1 ve 87.1-ci maddələrinin və "İcra məmurları haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin Azərbaycan Respublikası Mülki-Prosessual
Məcəlləsinin müvafiq müddəaları ve normaları ilə əlaqəli şəkildə şərh edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə əsasə Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada məhkəmələr insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edə bilərlər.
"Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikası Qanununun 33-ci maddəsində göstərilir ki, məhkəmələr Azərbaycan Respublikası Konstitusiyasının 130-CI maddəsinin VI hissəsində nəzərdə tutulmuş məsələlərlə əlaqədar Konstitusiya Məhkəməsinə müraciət edə bilərlər.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 13.6-cı maddəsinə əsasən, icraatında olan işlər üzrə insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edə bilər.
Həmin Məcəllənin 13.7-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun.
Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 13.6-cı maddəsini, "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsini və Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsindən xahiş edirəm ki, borclu "XXXXX" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş "Sumqayıt Yerli İqtisad Məhkəməsinin 2(85)XXX/2009 saylı icra sənədi üzrə Sumqayıt şəhəri üzrə İcra Idarəsinin "7% icra ödənişi tutulması" haqqında 21 yanvar 2010-cu il tarixli qərarının ləğv edilməsi" barədə şikayətə baxılması ilə əlaqədar Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 228-232-ci və 236-cı maddələri ilə nəzərdə tutulmayan hallarda icra məmurunun qərarından və hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 26, 78.1 ve 87.1-ci maddələrinin və "İcra məmurları haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin qeyd olunan normaları ilə əlaqəli şəkildə şərh edəsiniz".
