- 21:03
"Bakı İnzibati Məhkəməsinin Vahid Məhkəmə Portalında yerləşdirilən müvafiq telefon nömrəsinə hər hansı bir məlumatın əldə edilməsi üçün dəfələrlə zəng edilib cavab verilməməsi vəkillər üçün yenilik deyil".
Bunu e-huquq.az-a açıqlamasında vəkil Yusif Allahverdiyev deyib.
Onun sözlərinə görə, işlərin ekspertizaya göndərilib göndərilməməsi, qüvvəyə minmiş qərarların icra olunub olunmaması və digər məsələlərlə bağlı vəkil köməkçilərinə məlumat verilməsi məhkəmə tərəfindən tətbiq edilən yeni qaydalara uyğun olaraq qadağan edilib.
"Məhkəmədə işlərin hansı qaydada baxılması, süründürməçilik hallarının və digər nöqsanların olmasını məhkəmənin “koridorunda” görmək olur. Bütün bu hallar vəkillərin və vətəndaşların haqlı narazılığına səbəb olur. Ölkədə aparılan məhkəmə-hüquq islahatlarının nəticəsi olaraq haqlı narazılığa səbəb olan müraciətlər üzrə sözügedən məhkəmədə müvafiq tədbirlərin görülməsinə ümid edirik", - deyə vəkil bildirib.
Məsələ ilə bağlı Bakı İnzibati Məhkəməsinin spiker hakimi Günel Sevdimalıyeva e-huquq.az-ın sorğusuna cavab olaraq bildirib ki, telefon zənglərinə cavab verilməməsi ilə bağlı deyilənlər doğru deyil.
"Telefon nömrələrimiz aktivdir. Gün ərzində bütün zənglərə cavab verilir. Yalnız hakim iclasda olduqda və lazımi məlumatı həmin an hakimdən əldə etmək mümkün olmadıqda hansısa müraciətlər cavabsız qala bilər. O müraciətlərə də araşdırdıqdan sonra cavab veririk. Yəni, məhkəmədə kütləvi şəkildə zənglərə cavab verilməməsi kimi hallar mümkün deyil. Eləcə də vəkil köməkçiləri işlə bağlı lazımi məlumatları telefon vasitəsilə əldə edə bilirlər. Vəkil köməkçilərinə işlə bağlı məlumatların verilməsinin qadağan olunması barədə fikirlər həqiqətə uyğun deyil. Sadəcə olaraq, vəkil köməkçilərinə məhkəmə qərarlarının təqdim olunması mümkün deyil. Məhkəmə qərarları yalnız şəxsin özünə və ya səlahiyyətli nümayəndəsinə, vəkilə verilə bilər. Bu qanunun tələbidir, Bakı İnzibati Məhkəməsinin tətbiq etdiyi qayda deyil", - G.Sevdimalıyeva bildirib.
Şəbnəm Mehdizadə