Məzmuna keç

“Qanunvericiliyin bu yanaşması həmişə geniş müzakirəyə səbəb olub”

"Konstitusiyanın 125-ci maddəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllədə də nəzərdə tutulur ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tətbiqinə lazımi şərait yaratmalıdır. Lakin bu polemika həmişə geniş müzakirəyə səbəb olub".

E-huquq.az xəbər verir ki, bunu Ali Məhkəmənin Mülki kollegiyasının hakimi Abiddin Hüseynov Real TV-də yayımlanan "Femida vaxtı" verilişində deyib.

"Sual olunur ki, mülki məhkəmə icraatı qaydasında baxılan mübahisələrdə məhkəmə hansı həqiqəti müəyyən edir? Yəni məhkəmə obyektiv həqiqətimi müəyyən edir? Əslində məhkəmə obyektiv həqiqəti müəyyən etmir. Çünki məhkəmənin onsuz da obyektiv həqiqəti müəyyən etməyə nə resursu, nə vaxtı, nə də imkanları var. Obyektiv həqiqət özü də nisbi məna daşıyır və nisbi rola malik olur. Bəs məhkəmə hansı həqiqəti müəyyən edir? Biz məhkəmənin mülki məhkəmə icraatı qaydasında müəyyən etdiyi həqiqətə formal həqiqət və ya hüquqi həqiqət deyə bilərik. Bəzən insanlar bunu qəribə qarşılaya bilər. Axı necə olur ki, məhkəmə obyektiv həqiqəti müəyyən etmir, formal bir həqiqət müəyyən edir. Bu bayaq dediyim məsələlərdən irəli gəlir. Məhkəmə gördüyünü qiymətləndirir. Məhkəmə onun qarşısına təqdim olunanlar əsasında bir nəticəyə gəlir. Məsələn, hakim parkda iki nəfərin söhbətinə qulaq şahidi olur. Tərəflər öz aralarında borc razılığına gəlir ki, bir tərəf o biri tərəfə min manat pul verib və o, öhdəsinə götürdüyü pulu iki-üç aydan sonra qaytaracaq. Hakim bu hadisənin həm qulaq, həm də göz şahidi olur. Sonradan bir mülki işə baxarkən məhz həmin tərəflərin onun qarşısında mübahisə etdiyini görür. Burada tərəflərdən biri qarşı tərəfə verdiyi pulu geri istəyir. Qarşı tərəf isə onun pul vermədiyini deyir. Əgər işin gedişində tərəflərdən biri digərinə min manat pul verdiyini sübut edə bilməzsə, hakim bu hadisəyə şahid olduğunu və pulu verdiyini söyləyə bilməz. Obyektiv həqiqət hakimin parkda gördükləri idi. Amma məhkəmə prosesində gördüyü yalnız tərəflərin təqdim etdiyi sübutlardan irəli gələn həqiqətlərdir. Tərəf həqiqətən də o pulu verdiyini sübut edə bilsə, hakim bunu təsdiq edəcək. Əgər sübut edə bilməzsə, həmin mülki işdən irəli gələn formal həqiqət və ya hüquqi həqiqət ondan ibarət olacaq ki, iddiaçı cavabdehə həmin pulu verməyib. Bəzən insanlar bundan narazı qalır. Lakin bu, mülki məhkəmə icraatında iştirak edən subyektlərin bərabərliyindən irəli gəlir. Tərəflər bərabərhüquqlu subyektlərdir. Məhkəmənin onlardan birinin tərəfinə çevrilməyə qanun icazə vermir", – deyə hakim bildirib.

Şəbnəm Mehdizadə