"Bazar iqtisadiyyatında dayanıqlı inkişaf üçün davamlı investisiya yatırımları tələb olunur. Sahibkarlar isə siyasi stabil və sərmayələrinin yüksək səviyyədə qorunduğu ölkələrə yatırımlar edirlər. İnvestisiyanın qorunmasında isə ölkədə müstəqil və ədalətli məhkəmə sistemi tələb olunur. Dünyada olan təcrübə göstərir ki, müstəqil və qərəzsiz məhkəmə sistemi həmçinin ölkədə kiçik və orta sahibkarlığın sürətli inkişafında və böyük bizneslərin formalaşmasında önəmli rola malikdir. Belə ki, müstəqil və səmərəli məhkəmə sistemi ölkəyə həm daxildən, həm də xaricdən investisiyalar cəlb edilməsinə zəmin yaradır və ölkədə sahibkarlıq fəaliyyətini stimullaşdırır".
E-huquq.az xəbər verir ki, bu sözləri Ali Məhkəmənin sədri İnam Kərimov "Femida Dialoq Platforması" çərçivəsində sahibkarlarla görüş zamanı deyib.
O bildirib ki, məhz bu səbəbdən də Azərbaycanda məhkəmə islahatları daim dövlətin diqqət mərkəzində olub.
"Ölkəmizdə məhkəmə-hüquq sistemində sonuncu böyük həcmli islahatlar 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanının qəbulu ilə başlayıb. Bu sənəd ölkəmizdə ədalət mühakiməsinin yüksək keyfiyyətlə həyata keçirilməsi və hüquqların məhkəmə müdafiəsinin daha da güclənməsinə müsbət təsir göstərməkdədir. İslahatlar çərçivəsində 2020-ci il 1 yanvar tarixindən əvvəlki inzibati-iqtisadi məhkəmələr sistemi ləğv edildi və əvəzində Bakı, Sumqayıt, Gəncə, Şirvan, Şəki və Naxçıvan şəhərlərində ixtisaslaşmış məhkəmələr – inzibati məhkəmələr və kommersiya məhkəmələri yaradıldı. Hazırda inzibati məhkəmələr müstəsna olaraq inzibati mübahisələrə, kommersiya məhkəmələri isə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan kommersiya mübahisələrə baxırlar. Bu dəyişikliklə ixtisaslaşmanın artırılmasına şərait yaradıldı, məhkəmə quruluşu optimallaşdırıldı və məhkəmələrdə iş yükünün daha balanslaşdırılmış bölgüsü təmin edildi", – deyə sədr qeyd edib.
İ.Kərimov deyib ki, eyni zamanda yeni kommersiya məhkəmələrinin fəaliyyətə başlaması sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrin həllində hüquqi müəyyənliyin təmin edilməsi, sahibkarların hüquqlarının müdafiəsinin daha da gücləndirilməsi və biznes mühitinin yaxşılaşdırılması istiqamətində atılmış mühüm addım olub: "Bu eləcə də sahibkarlığın inkişafına sistemli və ardıcıl dövlət dəstəyinin daha bir nümunəsidir".
Şəbnəm Mehdizadə
