Kürdəmirdə həmyerlisini qətlə yetirməkdə təqsirləndirilən Cümşüd İslamovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Neymət Məmmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası noyabrın 27-də keçiriləcək.
Qeyd edək ki, hadisə Kürdəmirin 69-cu məhəlləsi adlı ərazisində qeydə alınıb. Belə ki, aralarında yaranan mübahisə zəminində rayonun Muradxan kənd sakini, əvvəllər məhkum olunmuş 1968-ci il təvəllüdlü İslamov Cümşüd Rizvan oğlu rayonun Sor-Sor kənd sakini, Bakıda yaşayan 1977-ci il təvəllüdlü Məmmədov Müşfiq Cümşüd oğluna “Makarov” tipli tapança ilə üç güllə xəsarəti yetirib. M.Məmmədov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. C.İslamova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
