Məzmuna keç

Sənan Hacıyev məhkəmə aktlarının indeksləşdirilməsi qaydalarının tətbiqi barədə hakimlərə məlumat verdi –

Məhkəmə aktlarının indeksləşdirilməsi qaydalarının tətbiqi ilə bağlı müzakirələr keçirilib.

Bu barədə e-huquq.az-a Bakı Apellyasiya Məhkəməsindən məlumat verilib.

Azərbaycan Respublikasında vahid məhkəmə təcrübəsinin formalaşdırılması, məhkəmələr tərəfindən ədalət mühakiməsinin həyata keçirilməsi zamanı hüquqi məsələlərin həllində yanaşmanın sabitliyinin, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı hüquqi mövqelərin proqnozlaşdırılan olmasının təmin edilməsi məqsədi ilə məhkəmə təcrübəsi baxımından əhəmiyyətli olan məhkəmə aktlarının müəyyənləşdirilməsi və onlara əlçatanlığın təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin 2023-cu il 4 noyabr tarixli Plenum Qərarı ilə “Vahid məhkəmə təcrübəsi baxımından əhəmiyyətli olan məhkəmə aktlarının indeksləşdirilməsi” Qaydaları təsdiq edilib.

Qaydaların daha asan mənimsənilərək tətbiq edilməsi üçün cari ilin noyabr ayının 17-də Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri Sənan Hacıyevin, Bakı Apellyasiya Məhkəməsinin hakimlərinin və məhkəmənin ərazi yurisdiksiyasına daxil olan məhkəmələrin hakimlərinin iştirakları ilə video konfrans formatında müzakirələr keçirilib.

Müzakirələr zamanı Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyev tərəfindən Qaydaların ümumi müddəaları, məhkəmə aktlarına tətbiq edilən indekslər və məhkəmə aktlarının indeksləşdirilməsi mexanizmləri barədə hakimlərə məlumat verilib.

Tədbir qarşılıqlı maraq doğuran fikir mübadiləsi ilə keçirilib.