Bakıda işədüzəltmə adı ilə vətəndaşların pulunu mənimsəməkdə təqsirləndirilən Rahil Fərəcovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib.
Hakim Pərviz Muradovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, Rahil Fərəcov Hava Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, o, insanların sıx toplaşdığı yerlərdə özünü hava limanının əməkdaşı kimi təqdim edib və həmin yerə işçi axtardığını bildirib. Ona müraciət edən şəxsləri hava limanı ərazisinə gətirib və guya onları işlə təmin edəcəyinə dair yalan vəd verib. Daha sonra vətəndaşların etibarından sui-istifadə edərək pullarını ələ keçirib. R.Fərəcova qarşı Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
