Naxçıvanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Telman Vəliyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Naxçıvan MR Babək Rayon Məhkəməsinə göndərilib.
Hakim Günay İsmayılın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə Naxçıvan-Şahbuz magistral yolunda, Babək rayonunun Şıxmahmud kəndində qeydə alınıb. Belə ki, "Hyundai İX35" markalı avtomobil idarəetmədən çıxaraq beton maneəyə çırpılıb. Hadisə nəticəsində sürücü – Babək rayon Cəhri qəsəbə sakini Vəliyev Telman Yunis oğlu ağır xəsarət alıb. Onun həyat yoldaşı Vəliyeva Südabə Kazım qızı isə hadisə yerində ölüb. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
