Ali Məhkəmədə qəsdən adam öldürməyə cəhd etməkdə təqsirləndirilən Kərim İsayevin (şərti ad-soyad) barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.
Bu barədə e-huquq.az-a təqsirləndirilən şəxsin vəkili Qanqa İbrahimov məlumat verib.
Onun sözlərinə görə, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, K.İsayevin kassasiya şikayəti qismən təmin edilib.
Belə ki, onun əməli Cinayət Məcəlləsinin 29, 120.1 (Qəsdən adam öldürməyə cəhd) maddəsindən həmin Məcəllənin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif olunub.
Ali Məhkəmə K.İsayevin 5 il azadlıqdan məhrumetmə cəzasını 3 ilə endirib.
Qeyd edək ki, hadisə 2021-ci ilin aprel ayında Masallı rayonunda baş verib. Hadisə zamanı K.İsayev tanışı Nazim Quliyevə (şərti ad-soyad) 12 xəsarət yetirib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan K.İsayev apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib. Daha sonra K.İsayev kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.
Şəbnəm Mehdizadə
