Məzmuna keç

Ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən sürücünün məhkəməsi başlayır

Bakıda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Hümmət Atakişiyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Hakim Elməddin Hüseynovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə paytaxtın Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi ilə A.Salamzadə küçələrinin kəsişməsində baş verib. Belə ki, Atakişiyev Hümmət Baba oğlunun idarə etdiyi avtomobil İsmayılov Hüseyn Əli oğlunun idarə etdiyi "Kamaz"la toqquşub. Nəticədə avtomobildə olan 2002-ci təvəllüdlü sərnişin Cəfərov Pərvin Pərviz oğlu ölüb. Avtomobildəki digər sərnişinlər Sadıqov Elmin İlham oğlu və Heydərli Fərid Xaliq oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. A.Hümmətə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə