- 21:59
Mingəçevirdə piyadanın ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Xaliq Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə Mingəçevir şəhərində, Heydər Əliyev prospekti ilə Puşkin küçəsinin kəsişməsində qeydə alınıb. Belə ki, 1984-cü il təvəllüdlü Məhəmməd Baxşeyiş oğlu Məmmədov sərxoş halda idarə etdiyi “Toyota Camry” markalı avtomobillə işıqforun qırmızı işığında sürərək digər minik avtomobilini vurub. Bu zaman onun sürdüyü maşın idarəetmədən çıxaraq yolun kənarı ilə hərəkətdə olan piyada, 1965-ci il təvəllüdlü Xəyyam Hüseynovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. M.Məmmədov Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə