- 16:18
Bu gün aktual olan hüquqi mövzulardan biri də alimentin tutulması xüsusiyyətləri ilə bağlıdır.
Tez-tez verilən suallardan biri də odur ki, məhkəmə qətnaməsi ilə tutulan alimentin miqdarının sonradan dəyişdirilməsi, artırılıb, azaldılması mümkündürmü?
E-huquq.az xəbər verir ki, məsələyə Ali Məhkəmənin Mülki kollegiyasının hakimi Elşanə Vəliyeva aydınlıq gətirib.
Hakim qeyd edib, Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
Elşanə Vəliyeva bildirib ki, bunun üçün verilən iddia tələbləri araşdırılarkən məhkəmələr alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə alır.
Ailə vəziyyətindəki dəyişiklik nədir: yenidən ailə qurması, uşaqlarının olması, digər uşaqlara da aliment ödəməsi, və s
Maddi vəziyyətindəki dəyişiklik: iş yerinin itirilməsi, əmək haqqının dəyişməsi, maddi imkanlarının artıb, azalması və s.
Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.