Məzmuna keç

Ailə üzvlərini qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədovla bağlı ekspertizanın rəyi məlum oldu –

Fevral ayının 13-də bir ailənin 5 nəfər üzvünün qəsdən öldürülməsinə dair Xətai rayon prokurorluğunda istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs Əhməd Əhmədovun barəsində təyin olunmuş komission məhkəmə-psixiatrik ekspertizasının 04.04.2024-cü il tarixli rəyinə əsasən, o cinayət əməlini törədən zaman anlaqsız vəziyyətdə olub.

E-huquq.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Ə.Əhmədovun cinayətin törədildiyi anda psixi vəziyyətinin yenidən müayinə olunması üçün 05.04.2024-cü il tarixdə təkrar komission məhkəmə-psixiatrik ekspertizası təyin olunub və o, məhkəmənin qərarı ilə tibb müəssisəsinə yerləşdirilib.

****

Ailə üzvlərini qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədovun barəsində keçirilən psixoloji ekspertizanın rəyi məlum olub.

E-huquq.az xəbər verir ki, həkim-ekspertlər tərəfindən verilən rəyə əsasən, Əhməd Əhmədovun hadisəni anlaqsız törətməsi, psixi xəstəliyinin olması ilə bağlı rəy verilib.

Qeyd edək ki, fevralın 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı ata, ana və azyaşlı qardaşını, bundan əvvəl başqa bir ünvanda isə bacısı – 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələrilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub. Onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.