Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri növbəti “Açıq qapı” günü münasibətilə Azərbaycan Respublikasının Ali Məhkəməsində olublar.
Bu barədə e-huquq.az-a Ali Məhkəmədən məlumat verilib.
Tələbələr Ali Məhkəmənin inzibati binası ilə tanış olub, məhkəmə iclas zallarını, Plenum zalını, məhkəmənin kitabxanasını və Məhkəmə tarixi muzeyini ziyarət ediblər.
Tanışlıq çərçivəsində Ali Məhkəmənin Cinayət kollegiyasının hakimi Rəşad Abdulov tələbələrə ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları, məhkəmələrin dövlət quruluşunda yeri və rolu, qanunvericilik və təcrübə barədə fikirlərini çatdırıb. Tələbələri maraqlandıran suallar cavablandırılıb.
Sonda tələbələr xoş təəssüratlarını bölüşüb və xatirə fotosu çəkdiriblər.
