Bakı Apellyasiya Məhkəməsində kütləvi dava zamanı iki nəfərin qətlində təqsirləndirilən Rauf Hüseynov, Ceyhun İsayev və Ramin İsayevin şikayətinə baxılıb.
E-huquq.az-ın əldə etdiyi məlumata görə, hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri apellyasiya şikayətləri ilə bağlı məhkəmə baxışının qismən məhkəmə istintaq formasında aparılması barədə vəsatətlər veriblər.
Məhkəmə qısa müşavirədən sonra vəsatəti təmin etməyib.
Lakin təqsirləndirilən şəxslər barədə qərar qəbul edilib.
Qərara əsasən ömürlük azadlıqdan məhrum edilmiş Rauf Hüseynovun cəzası 20 ilə, 20 il müddətinə azadlıqdan məhrum edilən Ceyhun İsayevin cəzası 19 ilə, onun qardaşı – 5 il müddətinə azadlıqdan məhrum edilən Ramin İsayevin cəzası 4 ilə endirilib.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun verdiyi hökmə əsasən, Rauf Hüseynov ömürlük, Ceyhun İsayev 20 il, Ramin İsayev isə 5 il müddətinə azadlıqdan məhrum edilmişdi.
İttiham aktına əsasən, hadisə ötən il fevralın 11-i gecə saat 2 radələrində Bakı şəhərinin Nizami rayonu ərazisində qeydə alınıb. Kütləvi dava zamanı İlkin Rzayev və Xəyal Rəhimov qətlə yetirilib.
Daha sonra C.İsayev, R.Hüseynov və R.İsayev şübhəli şəxs qismində saxlanılıblar.
Faktla bağlı R.Hüseynov və C.İsayevə qarşı Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.7-ci (qəsdən adam öldürmə, iki və daha artıq adamı öldürmə) və 221.3-cü (Xuliqanlıq) və R.İsayevə isə Cinayət Məcəlləsinin və 221.3-cü ( silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.
Orxan Rasifoğlu
