- 21:29
Bakıda “Nicat Lənkəranski” ləqəbi ilə tanınan Nicat Əkbərovu öldürməyə cəhddə təqsirləndirilən Şahmar İsmayılov, Vüqar Quliyev və Ramal Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
E-huquq.az-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxışları ediblər.
Daha sonra son söz demək üçün təqsirləndirilən şəxslərə veriblər.
Onlar isə çıxış üçün məhkəmədən vaxt istəyiblər.
Məhkəmənin son iclası mayın 31-nə təyin edilib.
Qeyd edək ki, hadisə ötən ilin martında paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş verib.
İstintaqla müəyyən edilib ki, Şahmar İsmayılov, Vüqar Quliyev, Ramal Məmmədov bir qrup şəxs halında sifarişlə Nicat Əkbərovu öldürmək məqsədilə qeyd olunan ünvanda qanunsuz əldə olunmuş odlu silahdan atəş açıblar.
Nicat Lənkəranskinin atəşdən yayınması nəticəsində təsadüfən hadisə yerində olan Tamerlan Hüseynov və Fəqan Rəhimli müxtəlif xəsarətlər alıblar.
Şahmar İsmayılov, Vüqar Quliyev və Ramal Məmmədova qarşı Cinayət Məcəlləsinin 29,120.2.1, 29, 120.2.5 (bir qrup şəxs tərəfindən sifarişlə qəsdən adam öldürməyə cəhd), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah əldə etmə, daşıma, saxlama) və digər maddələrilə ittiham irəli sürülüb.
Cinayət işi üzrə üç nəfər - Tamerlan Hüseynov, Fəqan Rəhimli və Nicat Əkbərov zərərçəkmiş qismində tanınıb.
Orxan Rasifoğlu