Bakıda xalası oğlunu qətlə yetirməkdə təqsirləndirilən Yusif İsmayılovun cinayət işi üzrə şahidlər dindirilib.
E-huquq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə şahid Mahir Qasımov təqsirləndirilən şəxsi müştəri kimi tanıdığını deyib.
Onun sözlərinə görə, bıçaqlanma anını görməyib: "Mən kafedə administrator olaraq fəaliyyət göstərirəm. Mənə yaxınlaşdılar, onlara kabinet verdim. Dava düşdü. Bir-birinin ünvanına nalayiq ifadələr işlədilirdi. Yusifin üstü qan içində idi. Bıçaqlanma anını görməmişəm. Yusiflə gələn qonaqları birinci dəfə idi görürdüm. Ofisiant hesabı verəndən 5 dəqiqə sonra onlar çölə çıxdı. Yerdə qan izlərini gördüm".
Şahid Sərxan İsmayılovun sözlərinə görə, təqsirləndirilən şəxs onun qardaşıdır: "Qardaşımın Etibar Fətəliyevlə münasibətləri çox yaxşı olub. Hadisənin baş verməsini qardaşım özü zəng edib dedi. Mənə dedi ki, gedirik xəstəxanaya, çünki bilmədən belə bir hadisə törətmişəm. Zərərçəkmiş tərəflə barışıq yoxdu. Etibar tez-tez Bakıya gəlib-gedirdi. İçki içən idi və sonra narahat olurdu. Qardaşımın burnunda xəsarət var idi. Əldə etdiyim məlumata görə, Etibar vurmuşdu onu".
Təqsirləndirilən şəxs Yusif İsmayılov bildirib ki, mərhum xalası oğlunun psixoloji problemi olub: "O, obyekt həmişə getdiyim yer idi. Məni yaxşı tanıyırdılar. Mən ona dəfələrlə yalvardım ki, sakitləş. İlk nişanı pozulmuşdu. Anası dəfələrlə məndən xahiş edirdi ki, onu başa sal. Onun psixoloji problemi də var idi".
Məhkəmənin növbəti iclası mayın 27-nə təyin edilib.
Qeyd edək ki, hadisə bu ilin yanvarında paytaxtın Səbail rayonu ərazisində qeydə alınıb.
Belə ki, 1993-cü il təvəllüdlü Yusif İsmayılov şəxsi münasibətlər zəminində xalası oğlu 1995-ci il təvəllüdlü Etibar Fətəliyevi bıçaqla xəsarət yetirərək onu qəsdən öldürüb.
Yusif İsmayılov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Orxan Rasifoğlu
