- 8 May 12:14
Bakıda iki dostu - Şahin Bayramov və Fərid Əlirzayevin qətlə yetirilməsində təqsirləndirilən Yunis Rəhimov, Nurani Məmmədov, Ramin Quliyev, Tural Məmmədov və Sərxan Şahbazovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
E-huquq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Tural Məmmədov dindirilib: "Kafedə oturmuşduq. Ramin qardaşım Nuraniyə zəng edərək çay məclisinə dəvət etdi. Hamımız "Sərin" restoranına getdik. Amma gəlib gördük ki içki məclisidir. Mən də etiraz etdim ki, adam ibadət əhli ola-ola necə içki məclisində oturur? Etirazımızdan sonra içkiləri yığışdırdılar. Məclisdə olan zərərçəkmiş - mərhum Şahin əsəbi idi. Bizə məlum olmayan səbəblərdən hamımızı söyməyə və narazılıq etməyə başladı. Həmin vaxt mübahisə sonlandı və biz də öz evimizin yaxınlığındakı çay evinə getdik. Daha sonra Ramin qardaşıma zəng edərək baş verən hadisələrdən təəssüf hissi keçirdiyini bildirdi. Ramin olduğumuz yerə gəlib bizdən üzrxahlıq edəcəyini, eləcə də digər üzrxahlıq etmək üçün məclisin sahibi Samirin də yol da olduğunu vurğuladı. Evə getmək istəyəndə qəflətən Şahingil gəldi və söyüş söyərək dava etməyə başladı. Onlar təxminən 5 maşın adam gəlmişdilər. Əllərində soyuq silah var idi. Qardaşım Nurani aldığı zərbələrdən yerdə idi. Mən onu qorumalı idim. Mən davada ancaq Şahmarın yanından vurdum. Hadisədə qətlə yetirilən Fərid və Şahini mən vurmamışam".
Təqsirləndirlilən şəxs Nurani Məmmədov isə bildirib ki, qarşı tərəf içkili vəziyyətdə onun üstünə gələndə o sülhə çalışıb.
Məhkəmənin növbəti iclası iyunun 25-nə təyin edilib.
Qeyd edək ki, hadisə 2022-ci ilin fevralında Nərimanov rayonu ərazisində qeydə alınıb.
Hadisə zamanı Şahin Bayramov və Fərid Əlirzayevin aldıqları bıçaq xəsarətlərindən ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla Nərimanov rayonu, Təbriz küçəsində Şahin Bayramov və Fərid Əlirzayev, qarşı tərəfdən isə Nurani Məmmədov və digər şəxslər arasında kəsici-deşici alətlərdən istifadə edilməklə yaranmış münaqişə zəminində qərəzli xuliqanlıq hərəkətləri nəticəsində aldıqları xəsarətlərdən Şahin Bayramov və Fərid Əlirzayevin ölmələri müəyyən edilib.
İstinaq araşdırıması zamanı bu hadisənin törədilməsində günahkar bilinən Sərxan Şahbazov, Nurani Məmmədov, Ramin Quliyev, Tural Məmmədov və Yunis Rəhimov məsuliyyətə cəlb olunublar. Onlara qarşı Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 221.3-cü (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddələri ilə cinayət işi başlanılıb.
Orxan Rasifoğlu