Məzmuna keç

Həyat yoldaşını öldürməkdə təqsirləndirilən şəxs: “Bıçaqla birinci zərbəni boğazına vurdum”

Bakıda arvadını qətlə yetirməkdə təqsirləndirilən Zaman Zeynalovun cinayət işi üzrə baxış iclası keçirilib.

E-huquq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə prokuror Elvin Mirzəyev ittiham aktını elan edib.

Z.Zeynalov ona qarşı irəli sürülən ittihamla özünü təqsirli bilib.

Daha sonra təqsirləndirilən şəxs sərbəst ifadə verib. Onun sözlərinə görə, həyat yoldaşını Qobustan qəsəbəsində bıçaqla qətlə yetirib: "Hər mübahisə olduqda 102 xidmətinə məndən şikayət edirdi. 20 dəfə şikayət edib məndən. Deyirdi ki, sən nə kişisən? Mən 2 dəfə məhkumluq həyatı yaşamışam. Bu sözləri necə qəbul edə bilərdim. Uşaqlara söz deməyə qoymurdu. Yoldaşıma 5 bıçaq zərbəsi vurdum. Birinci zərbəni boğazından endirdim".

Məhkəmənin növbəti iclası iyunun 12-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin yanvarında paytaxtın Qaradağ rayonunda qeydə alınıb.

Belə ki, 54 yaşlı Zaman Zeynalovun aralarında yaranmış mübahisə zamanı arvadı 50 yaşlı Pərvanə Zeynalovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Z.Zeynalova hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu