Məzmuna keç

Əmisi oğlunu qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Bakıda əmisi oğlunu qətlə yetirməkdə təqsirləndirilən Nəsimi Hüseynovun məhkəməsi başlayıb.

E-huquq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra çıxış.edən prokuror işin baxışa verilməsini və təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını təklif edib.

Qısa müşavirədən sonra məhkəmə işi baxışa verib və təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması ilə bağlı qərar qəbul edib.

Qeyd edək ki, hadisə ötən ilin oktyabrında Sabunçu rayonu ərazisində qeydə alınıb. Belə ki, 1984-cü il təvəllüdlü Nəsimi Hüseynovun Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək əmisi oğlu 1988-ci iş təvəllüdlü Elməddin Hüseynovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Nəsimi Hüseynov hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb.

Orxan Rasifoğlu