Məzmuna keç

FHN-in sabiq vəzifəli şəxsinin şikayəti təmin edilmədi

Sabirabadın rüşvət almaqda ittiham olunan FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Dövlət Əhəmiyyətli Obyektlər üzrə Dövlət Tikinti Müfəttişliyinin baş məsləhətçisi Eldar Quliyevin kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

E-huquq.az-ın məlumatına görə, Ali Məhkəmənin hakimi Tahir Kazımovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, Eldar Quliyevin kassasiya şikayəti təmin edilməyib.

Xatırladaq ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən Müşfiq Qasımov 8 il 6 ay, Eldar Quliyev isə 5 il 6 ay azadlıqdan məhrum edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər ötən il Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs olunublar.

İttihamda deyilir ki, Müşfiq Qasımovun FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Dövlət Əhəmiyyətli Obyektlər üzrə Dövlət Tikinti Müfəttişliyinin baş məsləhətçisi Eldar Musa oğlu Quliyev və digər şəxslərlə qabaqcadan əlbir olaraq Sabirabad rayonu ərazisində yerləşən qeyri-yaşayış obyektində tikinti işlərinin aparılmasına icazə verilməsi, bunun üçün zəruri olan memar rəyi və digər aktların verilməsinə köməklik göstərilməsi üçün onlara müraciət etmiş vətəndaşdan külli miqdarda rüşvət almalarına əsaslı şübhələr müəyyən edilib.

Müşfiq Qasımov və Eldar Quliyevə qarşı Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3-cü (rüşvətalma – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu