- 26 İyun 19:24
Bakıda ailəsinin 5 üzvünü qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədovun məhkəməsi keçirilib.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə məhkəmənin hazırlıq iclası baş tutub.
İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edilib.
Məhkəmənin baxış iclası iyulun 4-nə təyin olunub.
***
Ailəsinin 5 üzvünü qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədovun məhkəməsi başlayıb.
E-huquq.az-ın məlumatına görə, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilir.
Qeyd edək ki, 1999-cu il təvəllüdlü Əhməd Əhmədov bu il fevralın 13-də 5 nəfər ailə üzvünü qəsdən öldürməkdə təqsirləndirilir.
Əhməd Əhmədov 1972-ci il təvəllüdlü atası Mehman Əhmədov, 1977-ci il təvəllüdlü anası Pikə Əhmədova, 1997-ci il təvəllüdlü bacısı Elmira Əhmədova, 2021-ci il təvəllüdlü azyaşlı bacısı qızı Ülviyyə Niftəliyeva və 2015-ci il təvəllüdlü azyaşlı qardaşı Məhəmməd Əhmədovu aşkar surətdə köməksiz vəziyyətdə, xüsusi amansızlıqla qəsdən öldürməkdə təqsirləndirilərək ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə yekun ittiham elan olunub. Barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxənası” publik hüquqi şəxsinə yerləşdirilib.
Orxan Rasifoğlu