- 20 İyun 21:54
Bakıda iş yoldaşının qətlində təqsirləndirilən Şahlar Ağayevin cinayət işi üzrə məhkəməsi başlayıb.
E-huquq.az-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror Orxan Mehdiyev ittiham aktını elan edib.
Daha sonra təqsirləndirilən çıxış edərək ona elan olunmuş ittihamla özünü qismən təqsirli bildiyini deyib.
Sərbəst ifadə verən Şahlar Ağayev bildirib ki, çörək və un məmulatları istehsal edən "Aleks" MMC şirkətində çörəkçi işləyib: "Mart ayının 12-i idi. İş yoldaşım Pünhan soyunub-geyinmə otağında qapının ağzında durmuşdu. Ondan mənə yol verməsini xahiş etdim. O isə aqressiv cavab verdi. Dedi ki, "sən mənimlə dalaşa bilmərsən, mən İmişli balasıyam". Növbəti gün o, mənə çiyin atdı, üstümə gəldi və sağ qaşımın üstünü partlatdı. Hətta iş yoldaşımız olan qadına da xəsarət yetirdi. Müdiriyyət işə qarışdı, mən isə barışdığımızı bildirdim. Sonra Pünhan məndən mobil nömrəmi istədi. Növbəti gün məni Qara Qarayev metrosunun yanına çağırdı. Mən ancaq xoş niyyətlə görüşüb çay içə biləcəyimi dedim. O, yaşadığım Alatava qəsəbəsinə gəldi. Çayxanaya gedəcəyimizi dedi və avtomobilə oturmağımı istədi. Maşına oturandan sonra sürücü ilə məni tanış etdi, dediki, dostum Elmardır. Onlar bir neçə nəfər idilər. Gördüm ki, Pünhanın üstündə bıçaq var. Maşını saxlamağını istəsəm də, sürücü maşını saxlamadı. Mən tıxacda fürsətdən istifadə edib maşından düşdü. Lakin o məni qırağa çəkib üzərində olan bıçaqla mədəmin üstünə vurmaq istədi. Zərbədən yayındım, lakin Pünhan məndən əl çəkməyərək əlindəki bıçaqla qulağımı kəsdi. Bu barədə vəkilimdə ekspertiza rəyi var. Həmin vaxt orada Pünhan tərəfdən 5 nəfər var idi. Mən çarəsiz qalıb cibimdə olan, işdə istifadə etdiyim bıçağı çıxardım. Bilmədim nə edim, affekt vəziyyətinə düşdüm. 2 gün sonra polis bölməsində bildim ki, ölüm hadisəsi baş verib.
Zərərçəkmişin hüquqi varisi Tofiq Fərzalıyev də məhkəmədə ifadə verib: "Bütün bu işlərin səbəbkarı "Aleks" MMC-nin rəhbəri Maqsud və Dilqəmdir. Onlar Şahları çağırıb deyə bilərdilər ki, niyə belə edirsən? Rəhbərliklə qohumluq əlaqəsi olduğu üçün Şahları işdə qoçu kimi saxlayırdılar. İşdə adı keçən Fərzəlizadələrin hər üçü mənim yaxın qohumlarımdılar. Şahların ailəsi tərəfdən bizimlə barışığa hər hansı cəhd olmayıb".
Məhkəmə prosesi sentyabr ayının 10-na kimi təxirə salınıb.
Xatırladaq ki, bu il martın 14-ü, saat 14 radələrində paytaxtın Yasamal rayonu ərazisində 1992-ci il təvəllüdlü Pünhan Fərzallının öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla 1999-cu il təvəllüdlü Şahlar Ağayevin Yasamal rayonu, Tbilisi prospekti ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Pünhan Fərzallını qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Şahlar Ağayev şübhəli şəxs qismində tutulub.
Orxan Rasifoğlu