Dövlət qulluqçularının reyestri qaydasının təkrar pozulmasına görə cərimə müəyyənləşir


  • 13:32

Dövlət qulluqçularının reyestrinin aparılması qaydasının təkrar pozulmasına görə cərimə müəyyənləşir.

E-huquq.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna əsasən, dövlət qulluğuna qəbul edilən şəxslər və digər dövlət qulluqçuları haqqında qanunvericiliklə müəyyən edilmiş məlumatların müvafiq dövlət orqanları tərəfindən Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinə vaxtında, tam və ya düzgün verilməməsinə görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir.

Layihəyə əsasən, dövlət qulluqçularının reyestrinə səlahiyyətli vəzifəli şəxs tərəfindən daxil edilməli olan məlumatların qanunvericiliklə müəyyən edilmiş müddətdə daxil edilməməsinə və ya məlumatlarda dəyişiklik edilməməsinə görə yenə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə cərimə ediləcək. Eyni zamanda həmin inzibati xətanın inzibati tənbeh almış səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə cərimələnəcək.

"Səlahiyyətli vəzifəli şəxs" dedikdə dövlət orqanının (qurumunun) Dövlət qulluqçularının reyestrində qeydiyyatdan keçmiş və müvafiq hüquqlar verilmiş məsul şəxsləri nəzərdə tutulur.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Oxşar xəbərlər