- 11:34
Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisələrində kursantların hazırlanmasına çəkilmiş xərclərin əvəzini ödəmək öhdəliyi “Hərbi vəzifə və hərbi xidmət haqqında” bağlaşmada nəzərdə tutulacaq.
E-huquq.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin qərarı ilə “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda edilən dəyişikliklərdə əksini tapıb.
Qərara əsasən, kursantların həqiqi hərbi xidmətinə daxil olmaq arzusunu bildirmiş Azərbaycan Respublikasının vətəndaşları hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisələrinə qəbul edilərkən “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunu, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə” və bu Qayda ilə tanış edildikdən sonra, onlarla hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali və ya orta ixtisas təhsili müəssisələri arasında həqiqi hərbi xidmətə daxil olmağa dair bağlaşma (bu Qaydanın 3.13-3-cü bəndi nəzərə alınmaqla) eyni hüquqi qüvvəyə malik üç əsl nüsxədən ibarət tərtib ediləcək.
Bağlaşmanın bir nüsxəsi hərbi xidmətə daxil olan şəxsə verilir, digər nüsxəsi (nüsxələri) isə bu Qaydada göstərilmiş müvafiq dövlət orqanının aidiyyəti qurumunda saxlanılır.
Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisələrində kursantların hazırlanmasına çəkilmiş xərclərin əvəzini ödəmək öhdəliyi “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunda nəzərdə tutulmuş hallarda bağlaşmada nəzərdə tutulur.
Bağlaşma bağlanarkən 18 yaşı tamam olmayan şəxslərlə bağlaşma onların qanuni nümayəndələrinin – valideyninin, övladlığa götürənin və ya himayəçinin yazılı razılığı ilə bağlanılacaq.