- 10:27
Azərbaycanda toxum ehtiyatı fondları yaradılır.
E-huquq.az xəbər verir ki, bu məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Toxumçuluq haqqında” qanun layihəsində əks olunub.
Layihəyə əsasən, ərzaq təhlükəsizliyinin təmin edilməsi, habelə təbii fəlakətlər və ya digər fövqəladə hallar zamanı yardımın göstərilməsi məqsədilə bu Qanunun 16.2-ci və 16.5-ci maddələrində göstərilən qaydada dövlət toxumçuluq qurumunun təklifləri əsasında “Dövlət ehtiyatları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq toxum ehtiyatı fondları yaradılacaq.
Dövlət toxum ehtiyatı fondları dövlət büdcəsinin vəsaiti hesabına yaradılacaq və Azərbaycan Respublikasının mülkiyyəti hesab olunacaq. Dövlət toxum ehtiyatı fondları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən yaradılacaq.
Bildirilib ki, toxum ehtiyatı fondlarının yaradılması, saxlanması və istifadəsi “Dövlət ehtiyatları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Toxum ehtiyatı fondlarında Reyestrə daxil edilmiş sortlara aid olan, həmçinin sortluq və səpin keyfiyyətləri toxumçuluq sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verən toxumlar tədarük edilib və saxlanılacaq.
Dövlət toxum ehtiyatı fondlarına toxum tədarükü ilə bağlı sifariş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən veriləcək.
Naxçıvan Muxtar Respublikasında dövlət toxum ehtiyatı fondlarının yaradılması və istifadəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçiriləcək.
Qeyd edək ki, bu qanun qüvvəyə mindiyi gündən “Toxumçuluq haqqında” Azərbaycan Respublikasının 1997-ci il 11 mart tarixli 257-IQ nömrəli qanunu ləğv ediləcək.