Azərbaycanda xarici diplomatların və ailə üzvlərinin qeydiyyatı yeni qaydada tənzimlənəcək


  • 14:12

Azərbaycanda fəaliyyət göstərən diplomatlar və əcnəbi nümayəndələr ölkədə 15 gündən çox qaldıqda qeydiyyata alınacaqlar.

E-huquq.az xəbər verir ki, bununla bağlı Miqrasiya Məcəlləsinə dəyişiklik təklif edilir.

Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Layihədə təklif olunur ki, Azərbaycanda fəaliyyət göstərən xarici dövlətlərin diplomatik nümayəndəliklərinin və konsulluqlarının, beynəlxalq təşkilatların orqanlarının, bölmələrinin və nümayəndəliklərinin əcnəbi və ya vətəndaşlığı olmayan heyət üzvləri və onlarla birlikdə yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan ailə üzvləri, həmçinin Azərbaycana diplomatik missiya və ya Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda xüsusi missiya ilə səfər edən şəxslər 15 gündən artıq Azərbaycanda müvəqqəti olduqda, onların qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilsin.

Bu zaman onlara Azərbaycanda statusunu və qeydiyyatını təsdiq edən qeydiyyat vəsiqəsi veriləcək.

Layihədə 25-ci maddəyə təklif edilən digər dəyişikliklərdə isə rəsmi səfər məqsədi ilə verilən giriş vizasının şamil olunduğu şəxslərin siyahısı daha da dəqiqləşdirilir.

Təklif edilən redaksiyaya əsasən, Rəsmi səfər vizası Azərbaycanda fəaliyyət göstərən xarici dövlətlərin diplomatik nümayəndəliklərinin və konsulluqlarının, beynəlxalq təşkilatların orqanlarının, bölmələrinin və nümayəndəliklərinin əcnəbi və ya vətəndaşlığı olmayan heyət üzvlərinə və onlarla birlikdə yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan ailə üzvlərinə, həmçinin Azərbaycana diplomatik missiya və ya Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda xüsusi missiya ilə səfər edən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə veriləcək.

Oxşar xəbərlər