Deputat: “Pezeşkianın Azərbaycana səfəri iki ölkə arasındakı münasibətlərdə yeni mərhələ açır”


  • 13:58

“Məsud Pezeşkianın Azərbaycana səfəri iki ölkə arasındakı münasibətlərdə yeni mərhələ açır”.

Bu sözləri e-huquq.az-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, deputat Elman Məmmədov söyləyib.

O bildirib ki, Azərbaycan qonşu dövlətlərlə yaxşı münasibətlərin olması, əlaqələrin genişlənməsi üçün hər zaman təşəbbüs göstərir və bu məsələlərdə öz səmimiliyini dəfələrlə təsdiq edib: “Cənab Prezident İlham ƏIiyev bütün çıxışlarında, müsahibələrində bunu xüsusi qeyd edir. Qonşu dövlətlərlə əlaqələrimiz hazırda müsbət istiqamətdə inkişaf edir. İran İslam Respublikasına qarşı Azərbaycan dövləti olaraq biz həmişə dost əlimizi uzatmışıq və səmimi olmuşuq. İranda bizim 30 milyondan çox soydaşımız yaşayır. İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri zamanı səsləndirdiyi xoşməramlı mesajlar, Prezident İlham Əliyevə “dostum”, “qardaşım” deməsi hər iki tərəfi sevindirir. Çünki Azərbaycan İranla bütün əlaqələri daha da inkişaf etdirmək istəyir. Hesab edirəm ki, Pezeşkianın ölkəmizə bu səfəri bu məsələlərə müsbət mənada təkan verəcək və Azərbaycan-İran münasibətlərinin daha da yaxşılaşmasına kömək edəcək. Biz Azərbaycan tərəfi olaraq bunu çox istəyirik. İrandan da məhz bunu gözləyirik”.

E.Məmmədov qeyd edib ki, indi İran Ermənistanla münasibətlərini bir daha gözdən keçirməlidir: “İran Prezidenti Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu etiraf edir. Lakin deyilən sözün arxasında durmaq lazımdır. Birinci Qarabağ müharibəsində və ondan sonrakı dövrlərdə minlərlə İran maşınlarının işğal altında olan torpaqlarımızdakı təbii sərvətləri daşımasının şahidi olduq. Vətən müharibəsi dövründə də İran Ermənistana dəstək göstərdi. Bu gün Hindistan İran vasitəsilə Ermənistana silah daşıyır. İran Ermənistanla hərbi təlimlər keçirir, Zəngəzur dəhlizinin açılmasına mane olur. Əgər İranla dostluqda, əməkdaşlıqda, qonşuluqda səmimiyiksə, bu, yolverilməzdir. Biz bunlara son qoyulmasını və İranla münasibətlərimizin müsbət istiqamətdə daha da inkişaf etməsini istəyirik. Nəqliyyat dəhlizlərinin açılışında, enerji, təhlükəsizlik məsələlərində bu vacib şərtdir. Bu, hər ikimiz üçün xeyirlidir. Bu mənada Məsud Pezeşkianın Azərbaycana səfəri düşünürəm ki, ölkə arasındakı münasibətlərdə yeni mərhələ açır”.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər