- 21:09
"Azərbaycanın xalqının Ümumilli Lideri Heydər Əliyevin birbaşa rəhbərliyi ilə hazırlanmış Konstitusiya Azərbaycanda dünyəvi, hüquqi dövlət quruculuğu prosesinin hüquqi əsasını təşkil edib".
E-huquq.az xəbər verir ki, bunu Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsində sektor müdiri Otari Qvaladze “Konstitusiya və Suverenlik İli” çərçivəsində mayın 8-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) təşkilatçılığı ilə Gəncə Regional Vəkil Bürosunun yeni inzibati binasında “Müasir Konstitusiyamızın banisi Ulu Öndər Heydər Əliyev” mövzusunda keçirilən elmi-praktiki konfransda deyib.
O bildirib ki, Ulu Öndərin başladığı və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində bütün sahələrdə böyük uğurlar əldə olunub, ən əsası Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın suverenliyi tam bərpa edilib: "Azərbaycanda hüquq təsisatlarının, o cümlədən vəkillik təsisatının inkişafı və möhkəmləndirməsi də bu siyasətin nəticələrindən biridir. Sözsüz ki, Vəkillər Kollegiyasının rəhbərliyinin, vəkillərin səmərəli fəaliyyəti də qeyd olunmalıdır".
Şəbnəm Mehdizadə